Azərbaycan ilə Aİ arasında münasibətlər qarşılıqlı etimada əsaslanır- ÖZƏL
15:36 Siyasət"2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibli görüşlər, eləcə də mətbuata verilən birgə bəyanatlar tərəflərin əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini aydın şəkildə nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib:
"Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas investorlardan biridir. Bu reallıq iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Prezident həmçinin yeni hərtərəfli saziş üzrə danışıqların bərpasının ikitərəfli münasibətlərə mühüm töhfə verəcəyini bildirdi.
Görüş zamanı enerji təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev enerji sahəsində uzunmüddətli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, eyni zamanda bərpa olunan enerji və yaşıl enerji layihələrinin də qarşılıqlı maraq doğurduğunu vurğuladı.
Mətbuata bəyanatla çıxış edən Ursula Fon der Lyayen Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu qeyd etdi. O, Avropa İttifaqının Cənubi Qafqazda dayanıqlı sülhün, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına dəstəyini ifadə etdi. Avropa Komissiyasının "Sülh naminə bağlantı" təşəbbüsü çərçivəsində regionun nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun inkişafı üçün 200 milyon avroya qədər qrant ayrılacağı bildirildi".