İran səfiri: "Ermənistan energetika sahəsində tranzit həlqəsinə çevrilə bilər" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami iyulun 8-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistanın İran və Rusiya kimi qlobal enerji nəhəngləri ilə qonşu olması bu ölkə üçün ciddi tranzit potensialı yaradır. Diplomatın sözlərinə görə, bu yaxınlarda Tehran və İrəvan arasında qaz, neft məhsullarının ticarəti, eləcə də enerji resurslarının daşınması və tranziti sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Layihələrin hələlik araşdırma mərhələsində olduğunu və yeni planların mövcudluğunu qeyd edən səfir, hər iki tərəfin real iradə nümayiş etdirəcəyi təqdirdə Ermənistanın enerji daşımalarında tamamilə yeni bir mövqeyə sahiblənə biləcəyini vurğulayıb. Şirqolami, həmçinin Ermənistan-Rusiya münasibətlərindəki müsbət tendensiyalardan və baş nazir Nikol Paşinyanın Rusiyaya səmərəli səfərindən məmnunluğunu ifadə edərək, Cənubi Qafqaz və ətraf region ölkələrinin ixtilafları kənara qoyub əməkdaşlıq qurmasının hamı üçün faydalı olacağını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31