Əli Mustafa: "Ankara sammiti dünyanın təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyır" – ÖZƏL
15:02 Siyasət"Ankara sammiti NATO-nun çox önəmli toplantılarından biri hesab olunur və burada qəbul ediləcək qərarların NATO-nun gələcəyi, ümumilikdə isə dünyanın təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyacağı ehtimal olunur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, NATO-ya üzv dövlətlər keçən il belə bir qərara gəlmişdilər ki, üzv ölkələr ümumi daxili məhsullarının 5 faizinə qədərini müdafiə xərclərinə, yəni NATO-nun ehtiyaclarına ayırsınlar. İndi isə həmin qərarın icra vəziyyəti müzakirə olunur. Belə demək mümkündür ki, ötən il verilən vədlərin necə reallaşdırıldığı qiymətləndirilir və bununla bağlı yeni qərarların qəbul olunacağı gözlənilir. Digər tərəfdən, NATO-nun idarə olunmasında, xüsusilə də Avropanın təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələrinin daha ön plana çıxması və öz təhlükəsizliklərinə görə daha çox məsuliyyət daşımaları ilə bağlı da qərarların qəbul ediləcəyi ehtimal olunur. Amerika Birləşmiş Ştatları artıq burada əsas himayəçi kimi deyil, daha çox tərəfdaş dövlət kimi çıxış edir. Gələcəkdə də ABŞ NATO üzvlüyünü davam etdirəcək, lakin Avropa ölkələri ilə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edəcək. Xüsusilə Ukraynanın təhlükəsizliyi ilə bağlı əsas məsuliyyətin və maliyyə öhdəliklərinin Avropa ölkələrinin üzərinə düşməsi gözlənilir. Düşünürəm ki, bu yanaşma da rəsmiləşdirilə bilər. Eyni zamanda Ukraynaya hərbi və maliyyə yardımının göstərilməsi, hava hücumundan müdafiə sistemlərinin verilməsi, həmçinin 60-70 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı da müəyyən ehtimallar mövcuddur. Burada, eyni zamanda, NATO-nun hərbi-sənaye kompleksinin daha da inkişaf etdirilməsi, vahid tədarük zəncirinin formalaşdırılması və ümumilikdə silah-sursat istehsalının sürətləndirilməsi ilə bağlı da qərarların qəbul olunacağı istisna edilmir.
Ekspertin sözlərinə görə, Tramp-Ərdoğan görüşü də əhəmiyyətli görüş idi. Bu, Türkiyə üçün çox önəm daşıyırdı. Əvvəla, bu görüş Türkiyənin beynəlxalq nüfuzunu bir daha artırdı. Eyni zamanda Donald Trampın jestləri və çıxışları Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi mühüm siyasi fiqur olduğunu bir daha nümayiş etdirdi. Digər tərəfdən, Türkiyənin qarşılaşdığı bəzi problemlərin, xüsusilə də ABŞ tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı Donald Trampın verdiyi vədlər də olduqca önəmlidir. Bu, həm ABŞ-Türkiyə münasibətlərinin daha yüksək səviyyəyə yüksəlməsinə, həm də Türkiyənin qarşısında duran bəzi problemlərin həllinə ciddi töhfə verə bilər. Əlbəttə, Türkiyənin mövqeyinin güclənməsi Azərbaycanın da regionda və dünyadakı mövqelərinin güclənməsi deməkdir. Türkiyə Cənubi Qafqazda, Qara dəniz hövzəsində və Yaxın Şərqdə daha ciddi nüfuz sahibi olan dövlətə çevrilmək ərəfəsindədir. Bu prosesin inkişafında və dinamikasında NATO-nun və ABŞ-nin də müəyyən dəstəyinin olacağı istisna deyil. Ankara sammiti kifayət qədər əhəmiyyətli toplantıdır.
"NATO-nun yeni strategiyasında, xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqlə bağlı məsələlərdə Türkiyənin rolu və əhəmiyyəti daha da artır. Bu isə təbii olaraq Azərbaycanın da qardaş və müttəfiq dövlət kimi mövqelərinin və təsir imkanlarının güclənməsinə müsbət təsir göstərir. Hər halda, NATO-nun Ankarada keçirilən sammiti Türkiyə üçün də mühüm strateji istiqamət müəyyənləşdirir və ölkənin gələcək inkişafına, eləcə də bölgədəki təsir imkanlarının daha da genişlənməsinə ciddi dəstək verəcək", - deyə Ə. Mustafa vurğulayıb.
Səidə Ramazanova