ABŞ-İran memarandumunu SEPAH pozmağa çalışır- ÖZƏL
12:39 Siyasət
"SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması və buna cavab olaraq ABŞ-ın SEPAH-ın hərbi obyektlərinə, o cümlədən Bəndər-Abbas limanı yaxınlığındakı mövqelərə zərbələr endirməsi, həmçinin İran nefti ilə bağlı sanksiya güzəştlərinin və lisenziyaların ləğv edilməsi göstərir ki, proseslər artıq lokal hərbi qarşıdurma müstəvisinə keçməkdədir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib:
"Göründüyü kimi, İran daxilində mühafizəkar qanad ABŞ-İran memorandumu və növbəti mərhələdə yekun sazişin imzalanmasını qəti şəkildə qəbul etmək istəmir. Prezident Məsud Pezeşkianın Ali Rəhbərin dəfn mərasimində müəyyən qruplar tərəfindən ABŞ-la memorandum imzalamaqda və güzəştlərə getməkdə ittiham olunması, hətta "xain" adlandırılması, eləcə də xarici işlər naziri Abbas Əraqçının əleyhinə şüarların səsləndirilməsi İran daxilində islahatçılarla mühafizəkarlar arasında qarşıdurmanın daha da dərinləşdiyini göstərir.
Qeyd edim ki, ABŞ-la memorandumun imzalanması islahatçıların və hökumətin siyasi mövqelərini gücləndirirdi. Bu isə SEPAH daxilindəki mühafizəkar qrupları və ümumilikdə sərt xətt tərəfdarlarını ciddi şəkildə narahat edir. Buna görə də onlar sazişin pozulmasında və ABŞ-la gərginliyin davam etməsində maraqlıdırlar. Çünki mövcud gərginlik şəraitində ölkə daxilində təhlükəsizlik və idarəetmə mexanizmlərində SEPAH-ın təsir imkanları daha da artır.
Hesab edirəm ki, bu səbəbdən ABŞ-İran arasında yekun razılaşmanın əldə olunması müəyyən müddətə təxirə düşə bilər. İranın siyasi sistemi daxilində fikir ayrılıqları dərinləşməkdə davam edir. ABŞ-ın da növbəti mərhələdə SEPAH-ın hərbi və logistik obyektlərinə qarşı təzyiq siyasətini davam etdirməsi istisna deyil.
Bir sözlə, ABŞ-İran münasibətlərində vəziyyət hələ də sabitləşməyib. Proses yenidən dalana dirənmək üzrədir. Baxmayaraq ki, tərəflərin İslamabadda növbəti görüşü və danışıqları davam etdirməsi planlaşdırılır, İran daxilindəki mühafizəkar qruplar bu prosesi pozmağa çalışırlar".