Azərbaycan Aİ üçün Cənubi Qafqazda etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir- ÖZƏL
11:59 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə edən mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər. Bəyanatda səsləndirilən tezislər göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır, enerji təhlükəsizliyi, yaşıl keçid, regional sabitlik və sülh quruculuğu kimi strateji sahələri də əhatə edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:
"Prezident İlham Əliyev Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində olduğunu ifadə etməsi bu istiqamətdə yeni səhifənin açıldığını, tərəflər arasında əlaqələrin dinamik xarakter aldığını nümayiş etdirir. Belə ki, son illər qarşılıqlı siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanı Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş kimi daha da ön plana çıxarıb. Bu əməkdaşlıq qarşılıqlı etimad və praqmatik maraqlar üzərində qurulduğundan regionda sabitliyin möhkəmlənməsinə də töhfə verir.
Qarşılıqlı münasibətlər yalnız mövcud layihələrin davam etdirilməsi ilə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlərin formalaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli zəmin yaradır. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda sabit və etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir".
Prezident İlham Əliyevin "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır" fikri iqtisadi münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa bazarının mühüm paya malik olması ölkənin ixrac potensialının genişlənməsinə, xarici investisiyaların cəlbinə və iqtisadi diversifikasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu qarşılıqlı iqtisadi asılılıq həm də siyasi dialoqun davamlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir".