Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (FOTO)

İyulun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Bu barədə məlumat Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Tərəflər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs edərək, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib. Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturu sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.

Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər.

Görüş zamanı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (FOTO)

Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (FOTO)
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşüb (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31