Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir- ÖZƏL
15:53 Siyasət"Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını nümayiş etdirdi. Bu, sadəcə növbəti diplomatik görüş deyildi. Son aylarda Avropa İttifaqı rəhbərliyinin ən yüksək səviyyədə ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov deyib:
"Prezident İlham Əliyevin "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik" fikri son illərin geosiyasi reallığının siyasi təsbitidir. Həqiqətən də əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir".