Azay Quliyev ATƏT PA-da Komitə sədri seçilib
15:45 Siyasətİyulun 7-də Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası çərçivəsində Milli Məclisin deputatı, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev yekdilliklə ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri və Büro üzvü vəzifəsinə yenidən seçilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev ATƏT ölkələrinə göstərdikləri yüksək etimada görə təşəkkürünü bildirərək deyib ki, 2013-cü ildən bu günədək o, üç dəfə ATƏT PA-nın Birinci Komitəsinin sədr müavini, iki dəfə ATƏT PA-nın Vitse-prezidenti və beş dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri vəzifəsinə ardıcıl seçilib.
A.Quliyev vurğulayıb ki, son 13 il ərzində ATƏT Parlament Assambleyasının ona göstərdiyi bu cür davamlı etimadı təkcə şəxsi nailiyyəti kimi deyil, Assambleyanın fəaliyyətinin daha da gücləndirilməsi, ATƏT məkanında dialoqun, əməkdaşlığın və qarşılıqlı hörmət dəyərlərinin təşviqi istiqamətində üzərinə düşən böyük məsuliyyət kimi qiymətləndirir.
Deputat qeyd edib ki, geo-siyasi və geo-iqtisadi qeyri-müəyyənlik, sürətli texnoloji dəyişikliklər, iqlim dəyişikliyi, ekoloji problemlər və təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə parlament diplomatiyasının rolu daha da ön plana çıxır. Bu mənada fikir ayrılıqlarına baxmayaraq, parlamentlərin dialoqu təşviq etməsi, qarşılıqlı etimadı möhkəmləndirməsi və ortaq həll yolları axtarması xüsusi əhəmiyyət daşıyır.
Çıxışının sonunda Azay Quliyev bütün nümayəndə heyətlərinə qarşı ədalətli, qərəzsiz və məsuliyyətli fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib, Komitənin ATƏT Parlament Assambleyasında konstruktiv əməkdaşlıq, səmərəli dialoq və praktik nəticələrin əldə olunması üçün mühüm platforma kimi fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.