Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır- ÖZƏL
15:40 Siyasət"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana işgüzar səfəri ölkəmizlə qurum arasında əlaqələrin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövr üçün hədəflərin müəyənləşdirilməsində əhəmiyyətli rol oynadı". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Keçilən yolun təhlili fonunda təsdiqləndi ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yaxın illərdə bir neçə sahədə inkişaf edəcək. Təbii ki, ilk olaraq energetika sahəsində əməkdaşlıq davam edəcək. Lakin bu, artıq yalnız təbii qaza deyil, həm də bərpaolunan mənbələr və elektrik enerjisinin nəqli layihələrinə əsaslanacaq. Nəqliyyat əlaqələrinin əhəmiyyəti getdikcə daha da yüksələcək. Orta Dəhliz tədricən Avropa ilə Asiya arasında ən vacib marşrutlardan birinə çevrilir və Azərbaycanın əsas tranzit ölkəsi kimi rolu durmadan artacaq. Həmçinin infrastruktur layihələrinə, logistikaya, rəqəmsal texnologiyalara və regional ticarətin inkişafına Avropa investisiyalarının daha da artacağını gözləyə bilərik. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında enerji sektorunda əməkdaşlıqdan geniş bəhs edərək bildirdi ki, enerji tərəfdaşlığımızın ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir.
Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən "Yaşıl Enerji Dəhlizi"ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər: "Biz Sizin Ermənistana gedən elektrik enerjisi kabeli ilə bağlı təklifinizi çox alqışlayırıq. Bu, çox maraqlı məqamdır. Beləliklə mənim təsvir etdiklərim əsasən odur ki, bərpaolunan enerji mənbələri iqtisadiyyatlarımızın gələcəyini irəli aparır. Burada - Cənubi Qafqazda bu proseslər, həmçinin sülhün irəli aparılmasına kömək edə bilər".