Ermənistan müxalifəti parlament mandatlarından hakimiyyətə qarşı mübarizədə istifadə edəcək – ÖZƏL
10:49 SiyasətKonstitusiya Məhkəməsinin seçki nəticələrini qüvvədə saxlamasından sonra Ermənistanın "Güclü Ermənistan" və "Ermənistan" müxalif blokları parlament mandatlarını götürərək mübarizəni qanunverici orqanda davam etdirəcəklərini bəyan ediblər.
Olaylar.az xəbər verir ki, politoloq Armen Baqdasaryan Sputnik Ermənistana müsahibəsində bu qərarın doğru olduğunu və parlament tribunasının hakimiyyət dəyişikliyi üçün əlavə imkanlar yaradacağını bildirib. Onun fikrincə, seçki sonrası küçə aksiyaları mərhələsi bitsə də, mandatların götürülməsi gələcək xalq etirazlarını istisna etmir. Ekspert qeyd edib ki, hakimiyyət xarici tərəfdaşlarına verdiyi vədləri yerinə yetirməyə və Konstitusiya dəyişikliyi kimi addımlarla mümkün müqavimət ocaqlarını neytrallaşdırmağa çalışacaq. Baş nazir Nikol Paşinyanın müxalif liderləri hədəf alan bəyanatları və son olaraq "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukyanın şirkətlərində aparılan kütləvi axtarışlar da bu təzyiqlərin tərkib hissəsidir.
Politoloqun qənaətinə görə, müxalifət parlamentdəki siyasi hücumlara hazır olmalı və mandatları hakimiyyətin istənməyən addımlarının qarşısını almaq üçün effektiv bir alətə çevirməlidir.