Paşinyanın 8 illik planı: Ermənistan KTMT və Avrasiya İttifaqından çıxır? – ÖZƏL

"Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəldikdən sonra götürdüyü siyasi kursun tərkib hissəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, faktiki olaraq, Paşinyan hökuməti Ermənistanın Qərbə inteqrasiya prosesinə uzun müddətdir başlayıb. Təxminən 8 ildir ki, bu proses davam edir və əlbəttə ki, onun məntiqi sonluqla yekunlaşması, yəni real nəticələrin əldə olunması üçün Ermənistanın Qərbin əsas təşkilatlarına - Avropa İttifaqına, NATO-ya və digər oxşar qurumlara üzv olması vacibdir. Bunun üçün isə Ermənistan Rusiyanın təsir dairəsində olan təşkilatlardan, o cümlədən Avrasiya İqtisadi Birliyindən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və digər bu kimi qurumlardan çıxmalıdır. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan Rusiyanın nəzarətində olan təşkilatlardan uzaqlaşaraq Qərbə doğru meylləndikcə Moskva ilə İrəvan arasındakı münasibətlərdə gərginlik daha da artacaq. Hətta bu gərginlik açıq qarşıdurma həddinə qədər gedib çıxa bilər. Çünki Gümrüdə Rusiyanın hərbi bazası yerləşir və Ermənistanda bir çox strateji sahələr Rusiyanın nəzarəti altındadır. Bundan əlavə, Rusiya açıq şəkildə Ermənistanda indiki hökuməti devirmək niyyətində olduğunu nümayiş etdirir və bunu son parlament seçkiləri ərəfəsində də açıq şəkildə bəyan etmişdi. Bütün bu amillər onu deməyə əsas verir ki, Ermənistan-Rusiya münasibətlərində ciddi gərginlik mövcuddur. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin İrəvana səfəri zamanı Nikol Paşinyanla səsləndirilən fikirlər və aparılan müzakirələr də məhz Ermənistanın Avro-Atlantik məkana daha sürətli inteqrasiyasına hesablanmış addımlar kimi qiymətləndirilə bilər.

"Diqqət çəkən məqamlardan biri də odur ki, bu səfər seçkilərdən sonra baş tutdu. Həmin seçkilər müəyyən mənada referendum xarakteri daşıyırdı. Söhbət Ermənistanın gələcək xarici siyasi kursunun - Rusiyanın təsir dairəsində qalması, yoxsa Qərbə inteqrasiya yolunu seçməsi ilə bağlı ictimai iradənin ifadə olunmasından gedirdi. Eyni zamanda hesab olunur ki, Ermənistan cəmiyyəti də öz mövqeyini ifadə edərək ölkənin Qərbə inteqrasiyasına dəstəyini nümayiş etdirdi. Bundan sonra düşünürəm ki, Nikol Paşinyan xalqdan yeni siyasi mandat aldığını əsas gətirərək Ermənistanın Avropa İttifaqı və ümumilikdə Qərblə yaxınlaşma prosesini daha da sürətləndirəcək. Ursula fon der Leyenin İrəvanda səsləndirdiyi fikirlər də onu göstərir ki, Avropa Komissiyası bu prosesin inkişafında maraqlıdır", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31