Ankarada NATO Zirvəsi: Azərbaycanın mövqeyi daha da güclənə bilər- ÖZƏL
17:23 Siyasət"Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə Toplantısı həm qlobal təhlükəsizlik, həm də Cənubi Qafqaz regionunda baş verən proseslər baxımından mühüm əhəmiyyət kəsb edir. Sammitdə qəbul olunacaq qərarların regiona müəyyən təsirlər göstərməsi də istisna edilmir".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycan NATO-nun üzvü olmasa da, uzun illərdir "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Alyansla əməkdaşlıq edir. Bu baxımdan qardaş Türkiyənin ev sahibliyi etdiyi belə nüfuzlu platforma Azərbaycan üçün də müəyyən diplomatik dividendlər qazandıra bilər.
Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ölkəyə həm Qərb təhlükəsizlik institutları, həm də Rusiya, Çin və ABŞ kimi dövlətlərlə siyasi platformalarla müstəqil və bərabərhüquqlu dialoq aparmaq imkanı yaradır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və praqmatik tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Bundan əlavə, Türkiyənin NATO daxilində artan nüfuzu Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirən mühüm amillərdən biridir. Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq, Türkiyə Azərbaycanın maraqlarının NATO platformasında diqqətə çatdırılmasında əsas tərəfdaş rolunu oynayır.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu da strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhlizin inkişafı ölkəmizi Avropa üçün etibarlı enerji və nəqliyyat tərəfdaşına çevirib. Bu baxımdan sammit çərçivəsində həmin strateji infrastrukturun təhlükəsizliyinin təmin olunması məsələlərinin də Qərb liderlərinin diqqət mərkəzində olması gözlənilir.
Həmçinin NATO-nun Qara dəniz və Cənubi Qafqaz regionuna yanaşmasında müəyyən yeniliklər və ya prioritet dəyişiklikləri müşahidə oluna bilər. Bundan əlavə, sammit çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesi, regional inteqrasiya və davamlı sülhün təşviqi ilə bağlı mesajların verilməsi də mümkündür. NATO-nun regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi dəstəyin bu kontekstdə bir daha vurğulanacağı gözlənilir".
Zeynəb Mustafazadə