İrəvanın strateji seçimi: Avropa istiqaməti, amma Rusiya ilə ehtiyatlı balans- ÖZƏL

İrəvanda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenlə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Avropa kursuna sadiq qalacağını bəyan edib. Paşinyan 2013-cü ildə keçmiş prezident Serj Sarkisyanın Avropa İttifaqı ilə assosiasiya sazişindən qəfil imtina edərək Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq qərarını xatırladıb və analoji ssenarinin təkrarlanmasını qəti şəkildə istisna edib. Ekspertlər Paşinyanın bu bəyanatını İrəvanın xarici siyasət prioritetlərini dəyişməyəcəyinə dair Moskvaya açıq bir mesaj kimi qiymətləndirirlər.

Bu bəyanatdan sonra Rusiya-Ermənistan münasibətləri necə davam edəcək? Avropa kursunun dönməzliyini vurğulayan İrəvanın yaxın gələcəkdə KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxması realdırmı?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanın Qərbə istiqamət alması və bunun nəticəsində də Rusiya ilə münasibətlərində gərginlik yaşanması təbii prosesdir. Lakin təhlükəsiz proses də deyil. Çünki Rusiyanın təhdid və təzyiqləri ilə qarşılaşma ehtimalı böyükdür. Gələcəkdə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması da mümkündür. Lakin bütün bunların eyni zamanda və hazırki durumda baş verməsi gözlənilmir. Ermənistanda seçkilər təzə keçirilib. Rusiya bu seçkidə öz namizədini hakimiyyətə gətirmək istəyib və nəticə müsbət olmayıb, müəyyən gərginliklər var. Ermənistan tərəfi Rusiya ilə münasibətləri tam gərginlik həddinə çatdıra bilməz. Eyni zamanda müəyyən addımlar atmaq üçün də İrəvan hazırki fürsətdən yararlanır. Çünki Rusiyanın başı Ukrayna cəbhəsinə qarışıb və ona ikinci cəbhə açmaq sərf etmir. Paşinyanın Avropa kursuna sadiq qalması və ölkəsini yenidən Rusiyanın təsir dairəsinə yuvarlaması onun öz hakimiyyəti üçün də, ölkəsi üçün də neqativ nəticələr doğura bilər. Hələ Ermənistanda həll olunmamış bir çox məsələlər var. Kilsəni tam Rusiya təsirindən çıxarıb dövlətin siyasətinə təsirini minimuma endirə bilməyiblər. Eyni zamanda konstitusiyaya dəyişikliklər edilib Azərbaycanla sülh sazişi hələ tam rəsmiləşməyib, sərhədlərin delimitasiyası başa çatmayıb. Və Zəngəzur dəhlizi ilə bağlı qarşıda vəzifələr dayanır. Odur ki, İrəvan Avropa siyasi kursuna sadiq qalması ilə yanaşı müəyyən təxribat, təhdid ehtimallarına qarşı qəfil dönüş etməyi düşünmür. Müəyyən qədər balansı qorumaqda maraqlıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31