Ermənistan İnnoprom-2026-da: Paşinyan sənaye artımından və süni intellektin rolundan danışdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Yekaterinburqda keçirilən "Innoprom-2026" beynəlxalq sənaye sərgisinin plenar iclasında çıxış edib. Rusiya Hökumətinin sədri Mixail Mişustinə dəvətə görə təşəkkür edən Paşinyan qlobal sənayenin rəqəmsallaşma və süni intellekt (AI) vasitəsilə dərin transformasiya dövrünü keçdiyini vurğulayıb.

Baş nazir Ermənistan sənayesində, xüsusən də emal sektorunda ciddi artım dinamikasını diqqətə çatdırıb: sənaye istehsalı 2025-ci ildə 4,7%, 2026-cı ilin ilk dörd ayında isə 13% artıb, emal sənayesi isə son doqquz ildə iki dəfə böyüyüb. Ölkədə mikroelektronika, biofarmasevtika və robototexnikanın inkişaf etdiyini bildirən Paşinyan strateji hədəfin Ermənistanı qlobal yüksək texnologiyalar xəritəsində layiq olduğu mövqeyə çıxarmaq olduğunu qeyd edib.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye kooperasiyasına toxunan Baş nazir maliyyə dəstəyi mexanizmlərinin birgə layihələr üçün əhəmiyyətini önə çəkib. Çıxışının sonunda süni intellekt mövzusuna toxunan Paşinyan texnoloji inkişafda humanitar yanaşmanın qorunmasının vacibliyini bildirib və qeyd edib ki, müasir texnologiyalar insanı əvəzləmək üçün deyil, onu rutin işlərdən azad edib yaradıcı fəaliyyətə yönəltmək üçün xidmət etməlidir. 6-9 iyul tarixlərində keçirilən forumda onlarla ölkədən hökumət rəsmiləri və biznes nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31