Elçin Xalidbəyli: "Azərbaycanla NATO münasibətləri yüksələn xətt üzrə davam edəcək" – ÖZƏL
14:47 Siyasət"Azərbaycanın NATO sammitində iştirakı böyük əhəmiyyət daşıyır. Bunun baş verib-verməyəcəyi isə yəqin ki, çox tezliklə aydınlaşacaq. Bəzi məlumatlara görə, Azərbaycanın tərəfdaş ölkə kimi sammitə dəvət edilmə ehtimalı kifayət qədər yüksəkdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan NATO-nun şərqə doğru genişlənmə proqramında böyük əhəmiyyət verilən ölkələrdən biridir. Düzdür, son vaxtlar bu proqram nisbətən arxa plana keçməyə başlayıb. Bununla belə, NATO-nun Cənubi Qafqaza marağı son dövrlərdə ciddi şəkildə artıb. Məhz buna görə də NATO ilə Azərbaycanın ikitərəfli münasibətləri hazırda yüksək səviyyədədir. Azərbaycan vaxtilə NATO-nun sülhməramlı missiyalarında da iştirak edib. Ümumilikdə, Azərbaycan ilə NATO arasında ikitərəfli əməkdaşlıq prosesi yüksək səviyyədə davam edir. Vaxtaşırı Azərbaycan ərazisində NATO təmsilçiləri ilə birgə təlimlər keçirilir, müxtəlif müzakirələr və dialoqlar aparılır. Bu baxımdan NATO ilə Azərbaycan arasında münasibətlərin kifayət qədər geniş spektri əhatə etdiyi qətiyyən şübhə doğurmur. Ona görə də, əgər Azərbaycan NATO sammitinə dəvət edilərsə, bu, qətiyyən gözlənilməz hadisə kimi qiymətləndirilməməlidir. Ancaq hazırda NATO özü də mürəkkəb dövrdən keçir və üzv dövlətlər bu hərbi-siyasi alyansın gələcək taleyini müəyyənləşdirməyə çalışırlar. Buna görə də NATO-nun Ankara sammiti böyük ehtimalla bu hərbi-siyasi alyansın gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyacaq.
"Burada əsas məqamlardan biri ondan ibarətdir ki, əgər NATO gələcək fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirəcəksə, Cənubi Qafqazın prioritet regionlardan biri olacağı qətiyyən şübhə doğurmur. Bu baxımdan Cənubi Qafqazın ən güclü və lider dövləti olan Azərbaycanla NATO arasında münasibətlərin bundan sonra da inkişaf edən, yüksələn xətt üzrə davam edəcəyi qətiyyən şübhə doğurmamalıdır", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova