Konstitusiya Məhkəməsi Prokurorluğun sorğusu üzrə qərar qəbul edib
11:15 SiyasətKonstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Prokurorluğunun sorğusu əsasında mühüm qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Plenum iş üzrə hakim F.Tutayukun məruzəsini, Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, həmçinin Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis rəylərini, eləcə də ekspert, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun rəyini araşdıraraq qərar qəbul edib.
Qərara əsasən, Konstitusiyanın 60-cı, 131-ci və 132-ci maddələri, həmçinin hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tətbiqi zamanı bir sıra hüquqi yanaşmalar rəhbər tutulmalıdır.
Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilərək iş yeni apellyasiya baxışına göndərildiyi halda, yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin ləğv etdiyi hissə üzrə aparılmalıdır.
Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edilərsə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələri ilə yanaşı, kassasiya instansiyasının Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində nəzərdə tutulan hədlər çərçivəsində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır.
Plenum həmçinin müəyyən edib ki, Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifi ilə bağlı məsələlərlə məhdudlaşmır.
Qərarda hüquqi müəyyənlik, prosessual qənaət, səmərəlilik və ədalətli məhkəmə araşdırması prinsipləri nəzərə alınaraq, Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayəti və kassasiya protestinin verilməsi müddətlərinin optimallaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinin Milli Məclisə tövsiyə edilməsi də əksini tapıb.
Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.