Bakı və Tehran xəttində yeni dövr: Münasibətlərin gələcəyini hansı amillər şərtləndirir? – ÖZƏL

"İran bizim əzəli və əbədi qonşumuzdur. İranda milyonlarla soydaşımız yaşayır. İki dövlət arasında münasibətlərin yaxşı olması həm İranın, həm də Azərbaycanın dövlət və milli maraqlarına uyğundur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşamaq prinsipi əsas götürülür və ölkəmiz qonşu dövlətlərlə münasibətlərin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində maraqlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı hər hansı üçüncü tərəfin fəaliyyətinə və ya bu məqsədlə istifadə olunmasına heç vaxt icazə verməyəcək. Bu mövqe dövlət başçısı səviyyəsində dəfələrlə ifadə olunub. Azərbaycanla İran arasında dərin tarixi, mədəni və dini əlaqələr mövcuddur. Eyni zamanda iqtisadi əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas marşrutlarından biri məhz Azərbaycan üzərindən keçir və İranı, eləcə də İran körfəzini Hind okeanı istiqamətində beynəlxalq nəqliyyat şəbəkəsinə bağlayır. Bu baxımdan iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. İran tərəfi Naxçıvanla əlaqənin təmin olunması məqsədilə Araz dəhlizi layihəsini irəli sürüb və bu istiqamətdə danışıqlar aparılır. İran bu marşrutun açılmasında maraqlıdır. Çünki Araz dəhlizi Orta Dəhlizin qollarından biri kimi İranın Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.

"Azərbaycanla İran arasında ciddi qarşıdurma mövcud deyil. Xatırlatmaq yerinə düşər ki, İranın dini liderinin ailəsində baş vermiş faciədən sonra Azərbaycan Prezidenti başsağlığı verib, İranın Bakıdakı səfirliyinə gedərək xatirə kitabına ürək sözlərini yazıb. Həmçinin hərbi əməliyyatlar dövründə Azərbaycandan keçməklə İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsiz təxliyəsinə dəstək göstərilib, humanitar məsələlərdə yardım edilib. Azərbaycan hər zaman İranla münasibətlərin yaxşı olmasının tərəfdarı olub və bunu diplomatik kanallar vasitəsilə həyata keçirdiyi siyasətdə də nümayiş etdirib. Bununla yanaşı, İranda fəaliyyət göstərən müəyyən təxribatçı qüvvələr İran-Azərbaycan münasibətlərinin korlanmasına çalışırlar. Onlar müxtəlif vaxtlarda bu niyyətlərini nümayiş etdiriblər. Hesab edirəm ki, Qərbdə də iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olan dairələr mövcuddur. Hərbi əməliyyatlar dövründə də İranda xarici kəşfiyyat şəbəkələrinin fəaliyyəti ilə bağlı məlumatlar yayılmışdı. Məhz bu cür qüvvələr müxtəlif təxribat xarakterli bəyanatlar verməklə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Həmin dairələr İran cəmiyyətində belə bir rəy formalaşdırmağa cəhd göstərirlər ki, guya Azərbaycan ərazisindən İrana qarşı fəaliyyət həyata keçirilir və ya İsrailin bu istiqamətdə Azərbaycanda hansısa bazası mövcuddur. Lakin artıq proseslər göstərir ki, İran rəsmiləri də açıq şəkildə bildirirlər ki, Azərbaycanda İrana qarşı hər hansı hərbi baza və ya düşmənçilik fəaliyyəti mövcud deyil. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Hər hansı fikir ayrılığı yaranarsa, onun yalnız diplomatik kanallar vasitəsilə həll olunmasının tərəfdarıdır. Hesab edirəm ki, Azərbaycanla İran arasında ciddi fikir ayrılığı yoxdur. Sadəcə müəyyən təxribatçı qüvvələr ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Lakin bu cür avantürist bəyanatlar iki dövlət arasındakı münasibətlərin mahiyyətini dəyişə bilməz. Azərbaycanla İranı birləşdirən tarixi, mədəni, dini və qonşuluq əlaqələri mövcuddur. Buna görə də münasibətlərin yaxşı olması həm Azərbaycan, həm də İran üçün dövlət və milli maraqlar baxımından vacibdir. Xatırlatmaq yerinə düşər ki, İran Prezidentinin Azərbaycana səfəri zamanı onun Azərbaycan Prezidenti ilə səmimi münasibəti, beynəlxalq tədbirlərdə keçirilən görüşlərdə nümayiş etdirilən qarşılıqlı hörmət də iki ölkə arasındakı münasibətlərin müsbət xarakter daşıdığını göstərir", - deyə ekspert vurğulayıb.

Siyasi şərhçinin fikrincə, İran-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələrin fəaliyyəti uğur qazanmayacaq. Çünki xalqlarımız arasında mədəni, dini, tarixi və qonşuluq bağları kifayət qədər möhkəmdir.
Təəssüf ki, bəzi xarici dairələr dezinformasiya yaymaq, ara qarışdırmaq və müxtəlif təxribat xarakterli bəyanatlar verməklə iki dövlət arasında münasibətləri pozmağa çalışırlar. Lakin inanıram ki, dövlət rəhbərlərinin apardığı siyasət bu cür cəhdlərin qarşısını alacaq və təxribatçı qüvvələrə münasibətlərə xələl gətirmək imkanı verməyəcək. Cənubi Qafqazda regiondankənar qüvvələrin təsirinin artması region dövlətlərinin maraqlarına uyğun deyil. Məhz buna görə də Azərbaycan Prezidenti 3+3 əməkdaşlıq platforması ideyasını irəli sürüb. Məqsəd ondan ibarətdir ki, regionda mövcud olan problemlər məhz region ölkələrinin iştirakı ilə müzakirə edilsin, qarşılıqlı anlaşma əldə olunsun və yaranan məsələlər dialoq yolu ilə həll edilsin. Azərbaycan bu platformanı irəli sürməklə Cənubi Qafqaz və regionda marağı olan qonşu dövlətlərin eyni masa arxasında problemləri müzakirə etməsini, anlaşma əldə etməsini və kənar müdaxilələrə ehtiyac qalmamasını hədəfləyib. Buna görə də müxtəlif təxribat xarakterli bəyanatlar və dezinformasiya kampaniyaları Azərbaycanla İran arasında münasibətləri poza bilməz. Artıq İran rəsmilərinin də iki ölkə arasında qarşılıqlı anlaşmanı ifadə edən açıqlamalarının şahidi oluruq. İran Prezidentinin Azərbaycana səfərləri və burada verdiyi müsbət bəyanatlar da göstərir ki, iki dövlət münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Bütün bunlar Azərbaycan-İran münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu və gələcəkdə də inkişaf edəcəyini göstərən mühüm amillərdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31