İtaliya maliyyə çatışmazlığı səbəbindən yeni tank və PDM alışını təxirə saldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, İtaliya maliyyə vəsaitinin çatışmazlığı səbəbindən NATO qarşısında götürdüyü öhdəlik çərçivəsində iki yeni diviziyanın formalaşdırılmasını təxirə salıb. La Repubblica qəzetinin yazdığına görə, Roma hökuməti yeni nəsil Panther tankları və Lynx piyadaların döyüş maşınlarının alınması ilə bağlı sifarişləri dayandırıb.

Məlumata əsasən, 2023-cü ildə Baş nazir Corca Meloninin hökuməti NATO-nun tələbinə uyğun olaraq iki diviziya yaratmağı öhdəsinə götürmüşdü. Bunun üçün Almaniyanın Rheinmetall şirkətindən İtaliyanın Leonardo konserninin komponentləri ilə istehsal olunacaq 277 ədəd Panther tankı və 1000-dən çox Lynx piyadaların döyüş maşınının alınması planlaşdırılırdı. Layihənin ümumi dəyəri 24 milyard avro hesablanırdı.

Parlament planı təsdiqləsə də, layihənin maliyyələşdirilməsi üçün konkret mənbələr müəyyən edilməmişdi. Qəzet yazır ki, İtaliya Avropa İttifaqının SAFE (Security Action for Europe) müdafiə investisiyaları proqramı çərçivəsində götürməyi planlaşdırdığı krediti təxminən 15 milyard avrodan 4-5 milyard avroya endirmək niyyətində olduğundan, layihənin həyata keçirilməsi üçün büdcədə kifayət qədər vəsait qalmayıb.

Bu səbəbdən iyunda NATO sammiti ərəfəsində imzalanması nəzərdə tutulan müqavilələr təxirə salınıb. La Repubblica qeyd edir ki, bu vəziyyət İtaliyanı həm NATO, həm Almaniyadakı tərəfdaşları, həm də istehsalçılar qarşısında çətin vəziyyətdə qoyur.

Planlara əsasən, sifarişin icrası üçün Rheinmetall və Leonardo birgə müəssisə yaratmalı, hərbi texnikanın əsas hissəsi isə İtaliyada istehsal edilməli idi. Qəzetin yazdığına görə, layihənin Avropa istehsalı olması səbəbindən Aİ-nin müdafiə kreditləri onun maliyyələşdirilməsi üçün ən uyğun mənbə hesab olunurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31