ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın qlobal mövqeyini gücləndirir- ÖZƏL
16:24 SiyasətABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək Azərbaycan-ABŞ münasibətlərinin yeni strateji mərhələyə keçdiyini bildirib. O, regional sülh, iqtisadi əməkdaşlıq, enerji, innovasiya və təhlükəsizlik sahələrində tərəfdaşlığın genişləndirilməsi, həmçinin Cənubi Qafqazın daha inteqrasiya olunmuş regiona çevrilməsi ilə bağlı mühüm mesajlar səsləndirib.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əlbəttə, bu gün Azərbaycan və ABŞ arasındakı münasibətlər Tramp administrasiyasından əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyəyə çatıb.
Hazırda həm Azərbaycan, həm də ABŞ tərəfində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səmimi iradənin olduğunu müşahidə edirik. Bu inkişaf xüsusilə gələcəyin dünyasını formalaşdıran süni intellekt və digər yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini əhatə edir.Eyni zamanda, yeni dünya nizamında strateji üstünlük hesab edilən tranzit marşrutları və nəqliyyat layihələri də əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bunlar kifayət qədər ciddi və perspektivli məsələlərdir. Dünyanın ən böyük iqtisadi və hərbi gücü olan ABŞ-ın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verməsi mühüm məqamdır. Azərbaycan da öz növbəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və qarşıya yeni hədəflər qoyur.
Ən maraqlı tərəf isə odur ki, bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır və heç bir halda üçüncü tərəfə qarşı yönəlmiş neqativ addımlar xarakteri daşımır. Bu, Azərbaycana gələcəyin dünyasına qapı açan layihələrə və sahələrə daha dərindən inteqrasiya etməyə, mövcud təcrübəsini daha da təkmilləşdirməyə və dünyanın ən güclü ölkələri ilə əməkdaşlığı maksimum səviyyəyə çatdırmağa imkan verir. Eyni zamanda, bu siyasət Azərbaycanın özünə yeni düşmənlər qazanmasının da qarşısını alır. Adətən müşahidə edirik ki, hər hansı ölkə bir dövlətlə münasibətlərini inkişaf etdirəndə, onun rəqibləri ilə problemlər yaşaya bilir. Lakin Azərbaycan elə bir xarici siyasət xətti yürüdür ki, ABŞ-la münasibətlərini inkişaf etdirməklə yanaşı, Çin, Rusiya və İran kimi dövlətlərlə də həm bu, həm də digər sahələrdə əməkdaşlığını davam etdirir.
Beləliklə, Azərbaycan elə bir mövqe tutub ki, təkcə ABŞ-ın deyil, dünyanın digər aparıcı güclərinin də ölkəmizlə bağlı maraqları, birgə layihələri və əməkdaşlıq imkanları mövcuddur. Bütün bunları nəzərə aldıqda, xüsusilə ABŞ-Azərbaycan münasibətləri kontekstində görürük ki, hazırda Azərbaycanın liderliyi ilə bütövlükdə Cənubi Qafqaz sürətli inkişaf mərhələsinə aparan qapıları açır. Bu isə yaxın gələcəkdə ölkəmizdə və ümumilikdə regionda süni intellekt, rəqəmsal texnologiyalar və rəqəmsal inkişaf sahəsində ciddi irəliləyişlərə şərait yaradacaq.
Eyni zamanda, bu inkişaf fonunda dünyanın əsas güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulduğu yeni geostrateji məkan formalaşa bilər. Bu məkanın liderinə çevriləcək ölkə isə Azərbaycan olacaq.
Qlobal qarşıdurmaların artdığı, yeni risklərin meydana çıxdığı indiki şəraitdə bu model təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıya bilər. Bu, sabitliyin möhkəmlənməsinə, problemlərin azalmasına və böhranların qarşısının alınmasına töhfə verəcək ideal əməkdaşlıq məkanı formalaşdıra bilər.
Yəni Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslı və tərəfsiz xarici siyasət daha yüksək mərhələyə yüksələ bilər. Bu mərhələnin adı tərəfsiz Cənubi Qafqaz olacaq. Dünyanın müxtəlif güclərinin maraqlarının toqquşmadığı, əksinə, əməkdaşlığa çevrildiyi sabit məkan və bu məkanın qurucusu, lideri isə Azərbaycan olacaq"
Zeynəb Mustafazadə