“Uğurlu daxili siyasət beynəlxalq aləmdə nüfuzumuzu daha da artırır” – ÖZƏL
16:20 Siyasət"Medianın keçirdiyi son rəy sorğuları göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin reytinqi yüksəkdir. Sözsüz ki, bunun ilk və ən əsas səbəbi tarixdə daim qalacaq bir amildir. Bu, Qarabağın işğaldan azad edilməsi, həmin ərazilərdə bu gün də davam edən genişmiqyaslı quruculuq işləri və 30 ilə yaxın bir müddətdə insanların yalnız xəyal etdiyi doğma ocaqlara, yurd-yuvalarına qayıdış prosesidir".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu amil çox mühüm rol oynayır. Bu gün Qarabağda geniş quruculuq və bərpa işləri aparılır. Söhbət 5 min kvadrat kilometrdən artıq ərazidən gedir ki, həmin ərazilərin demək olar, 80-90 faizi hərtərəfli şəkildə dağıdılmış vəziyyətdə idi. Lakin hazırda burada çox sürətlə yenidənqurma işləri həyata keçirilir və insanlar öz doğma yurdlarına qayıdırlar. İkinci mühüm amil ölkədə mövcud olan sabitlikdir. Bu, ən vacib amillərdən biridir. Baxmayaraq ki, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr və gərginlik ocaqları mövcuddur, Azərbaycan sabitliyini qoruyub saxlayır. Azərbaycanın həm cənubunda, həm şimalında, həm də digər istiqamətlərdə münaqişə ocaqları mövcud olsa da, ölkədə ictimai-siyasi mühit sabitdir və insanlar təhlükəsiz şəraitdə yaşayırlar. Bu da Prezidentin yüksək reytinqini şərtləndirən əsas amillərdəndir. Bundan əlavə, son dövrlərdə Azərbaycan Prezidentinin imzaladığı bir sıra fərman və sərəncamlar da mühüm rol oynayır. Bu sənədlər iqtisadiyyatın, aqrar sektorun və digər sahələrin inkişafına yönəlib. Eyni zamanda, yeni texnologiyaların tətbiqi, texnoloji inkişaf və digər istiqamətlərdə həyata keçirilən tədbirlər də ölkənin inkişafına müsbət təsir göstərən amillər sırasındadır.
"Azərbaycanın daxili siyasi mühiti və gələcək inkişaf perspektivlərinə gəldikdə isə, qeyd etdiyim bütün bu amillər ölkənin daxili siyasi sabitliyinə və inkişafına ciddi təsir göstərir. Qarşıdakı illərdə Qarabağa daha çox insan köçəcək, həmin ərazilərdə iqtisadi və sosial inkişaf daha da sürətlənəcək. Bu isə Azərbaycanın iqtisadiyyatına, aqrar sektoruna və digər sahələrə müsbət təsir göstərəcək, insanların sosial rifahının yüksəlməsinə xidmət edəcək. Sözsüz ki, bütün bunlar perspektiv baxımından Azərbaycanın iqtisadi, siyasi və sosial gücünü daha da artıracaq. Bildiyiniz kimi, xarici siyasət daxili siyasətin davamıdır. Buna görə də ölkə daxilində əldə olunan uğurlar Azərbaycanın xarici siyasətinə də müsbət təsir göstərəcək, beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirəcək. Eyni zamanda, Azərbaycanın regionda mühüm logistika mərkəzinə çevrilməsi, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin perspektivləri və digər strateji layihələr də gələcək baxımından böyük əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın inkişafı üçün ümidverici və mühüm perspektivlər yaradan əsas amillərdir", - deyə ekspert qeyd edib.
Səidə Ramazanova