Azərbaycan heç bir tərəfə bəhanə vermədi -İran bunu görür- ÖZƏL
15:50 Siyasət" Azərbaycan və İranın ortaq mədəniyyəti, ortaq tarixi keçmişi və bir sıra ortaq dəyərləri var. Müəyyən zamanlarda müxtəlif mövzularda fikir ayrılıqları olsa da bu məsələlər ciddi problemə çevrilməyib. İranda çoxmilyonlu Azərbaycan əsilli əhalinin Azərbaycanla sərhəddə yaşaması hər zaman İran tərəfi əsassız yerə narahat edib və bu səbəblə də keçmiş Qarabağ münaqişəsi dövründə ermənipərəst mövqeyi ilə seçilib. Eyni zamanda İrandakı teokratik məzhəbçi hakimiyyət Türkiyə və bu ölkəyə daha yaxın olan Azərbaycanla məsafə saxlamağa önəm verib. Müxtəlif zamanlarda hətta Azərbaycanı əsassız yerə İsrailin təsirində olmaqda ittiham ediblər. Lakin İsrail İranla savaşanda Azərbaycan bu ölkəyə heç bir dayaq nöqtəsi vermədi və əksinə İranın bombalanmasına qarşı çıxdı, əhaliyə dəfələrlə humanitar yardım göndərdi".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
"İranın İsrailin təsirində olduğunu iddia etdiyi Azərbaycan və onun ən yaxın müttəfiqinə qarşı İsrail bu günlərdə qondarma "erməni soyqırımı"nı tanımaq məsələsini gündəmə gətirib. İran bu reallıqları görüb yanıldığını tədricən dərk edəcək. Azərbaycan hər zaman müstəqil siyasət aparıb və qonşularla səmimi qardaşlıq münasibətlərinin qorunmasında maraqlı olub. Müəyyən məsələlərdə fikir ayrılığı olsa da, bunun, problem səviyyəsində olduğunu güman etmirəm. Əsasən praqmatik və regional maraqları, münasibətləri önə çəkən Prezident Pezeşkiyanın dövründə bu məsələlərin də müsbət yöndə həll olunması mümkündür. Təbii ki, İran teokratik, məzhəbçi əsaslarla idarə olunan ölkədir və Azərbaycan isə sekulyar, dünyəvi, demokratik ölkədir. Eyni zamanda İranda Pakistan İslam Respublikasından fərqli olaraq daha radikal və mühafizəkar siyasilər öndədir. Bir sıra regional məsələlərdə uzlaşmayan, ziddiyət təşkil edən mövzular var. Bunlar təkcə bir sahədə deyil. Zaman - zaman bu haqda dövlət rəsmiləri, aidiyyəti mənbələr öz münasibətini bildirib, narahatlıqlarını ifadə ediblər. Əgər İranda xarici siyasətlə bağlı müəyyən islahatlar aparılsa, Məsud Pezeşkianın arzuladığı kimi qonşularla isti münasibətlərə daha çox önəm verilsə düşünürəm ki, anlaşmazlıqlar tədricən aradan qalxa bilər. Bu problemi İran Prezidenti Məsud Pezeşkianın özü də aylar öncə etiraf edib bəyan etmişdi ki, hətta onun əhaliyə söz verdiyi bir çox vədləri icra etməyə mövcud sistemin mahiyyətindən doğan əngəllər imkan vermir. Görünür ki, bu problemlərə təkcə xarici siyasətdə deyil, hətta daxili siyasətdə də öz mənfi təsirini göstərir. Azərbaycan ilə normal münasibətlər İranın özü üçün əslində vacibdir. Müstəqil siyasət aparan, regionda öz qüdrətini Qarabağı azad etməklə sübut etmiş bir ölkə ilə İranın xüsusən indiki gərgin dövrdə pis münasibətdə olması ona heç bir fayda qazandırmaz. Son hadisələr zamanı da Azərbaycanın heç bir tərəfə bəhanə, dəstəvuz verməyəcək tərzdə davranması, müdrik siyasət aparması İranı yenidən münasibətlərin inkişafına maraqlı göstərir" .
Zeynəb Mustafazadə