Azərbaycan Avropa İttifaqı üçün kilid ölkədir- ÖZƏL
15:32 Siyasət"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenın ölkəmizə səfəri və cənab Prezidentimiz İlham Əliyev tərəfindən qəbul edilməsi, keçirilən müzakirələr ölkəmizin Avropa İttifaqı dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Dünyada baş verən mürəkkəb proseslərin fonunda "qoca qitə" Azərbaycana daha çox ehtiyac duyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Mətbuata bəyanatında dövlət başçımızın dediyi aşağıdakı fikirlər Azərbaycan Respublikasının Avropa İttifaqının siyasətində necə mühüm yer tutduğunu sübut edir: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır". Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqı üçün kilid ölkədir.
Avropa İttifaqı təhlükəsziliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın enerjisinə də möhtacdır. Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Avropa Komissiyası prezidentinin ölkəmizə səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq. Prezident Ursula Fon der Lyayenin sərmayələrin qoyuluşu, sülh və əməkdaşlıqla bağlı söylədiklərinin həyata keçirilməsi Cənubi Qafqazdakı sülh və əməkdaşlığa böyük töhfə ola bilər".