Azərbaycan–Avropa Komissiyası münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi- ÖZƏL

"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Dövlət başçısı vurğuladı ki, əməkdaşlıq enerji, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində uğurla inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Eyni zamanda, Cənubi Qafqazda Avropa İttifaqının ticarətinin təxminən 70 faizi Azərbaycanın payına düşür ki, bu da ölkəmizin Avropa üçün mühüm iqtisadi tərəfdaş olduğunu göstərir.

Dövlət başçısı qeyd etdi ki, Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına üzv dövlətlərə Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın təbii qazı Avropa İttifaqının 10 üzv dövlətinə 3500 kilometrlik vahid boru kəməri sistemi vasitəsilə nəql olunur və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Prezident İlham Əliyev bildirdi ki, Avropa Komissiyası ilə əməkdaşlığın yeni istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Azərbaycanın "yaşıl enerji" potensialı bu sahədə tərəfdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.
Bəyanatda regional təhlükəsizlik məsələlərinə də toxunulub. Prezident Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesinin Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan ilə Avropa Komissiyası arasında strateji tərəfdaşlıq ticarət, enerji təhlükəsizliyi, bərpaolunan enerji və regional sülh istiqamətlərində daha da möhkəmlənməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31