Belə yüksək səviyyəli təmaslar Azərbaycan–Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir- ÖZƏL
15:09 Siyasət"Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər fəal inkişaf mərhələsindədir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri, bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, eləcə də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə səfərləri tərəflər arasında dialoqun intensivləşdiyini və əməkdaşlığın strateji xarakter aldığını bir daha nümayiş etdirdi. Bu ardıcıl yüksək səviyyəli təmaslar Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib:
"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə birgə mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərdə müsbət dinamika müşahidə olunur və bu dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək istiqamətində nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir. Bu yanaşma siyasi dialoqla məhdudlaşmır, enerji, nəqliyyat, ticarət, yaşıl keçid, regional təhlükəsizlik və sülh gündəliyi kimi strateji istiqamətləri də əhatə edir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə bir daha bəyan etdi ki, enerji sahəsində əməkdaşlıq Aİ-Azərbaycan tərəfdaşlığının ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirib.
O, Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm geostrateji mərkəz olduğunu vurğuladı. Eyni zamanda Prezident İlham Əliyevin regionda sülh və əməkdaşlıq prosesinin təşəbbüskarı kimi liderliyini xüsusi qeyd etdi.
Bu gün Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, sabitliyi qoruyan, regional əməkdaşlığı təşviq edən və beynəlxalq tərəfdaşlar üçün etibarlı dövlət kimi qəbul edilir. Ölkənin müasir nəqliyyat infrastrukturu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı mühüm rol, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və geniş dəmir yolu şəbəkəsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Avropa İttifaqı da məhz bu potensialı nəzərə alaraq Azərbaycanla yeni bağlantı tərəfdaşlığı platformasının yaradılmasını təklif edib. Bu platforma enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində uzunmüddətli əməkdaşlığı nəzərdə tutur".