Bakı ilə Brüssel arasında tərəfdaşlıq strateji xarakter daşıyır- ÖZƏL

"Son dövrlərdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı ikitərəfli əlaqələr özünün ən fəal və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Brüssel arasında intensivləşən yüksək səviyyəli dialoq, tərəfdaşlığın artıq keyfiyyətcə yeni, strateji xarakter aldığını bariz şəkildə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın və nəhayət, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana reallaşan ardıcıl və mühüm səfərləri bu dinamikanın ən aydın göstəricisidir. Avropanın ali rəhbərliyinin Bakıya olan bu xüsusi diqqəti, Azərbaycanın həm qlobal enerji təhlükəsizliyində, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və logistik bağlantıların təmin edilməsində əvəzolunmaz rolunun beynəlxalq səviyyədə etirafıdır. Həyata keçirilən bu yüksək səviyyəli təmaslar, Azərbaycan-Aİ münasibətlərinin uzunmüddətli və qarşılıqlı maraqlara əsaslanan yeni bir dövrə qədəm qoyduğunu qətiyyətlə təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin birgə mətbuat bəyanatları, Bakı ilə Brüssel arasındakı münasibətlərin keyfiyyətcə yeni və daha yüksək bir mərhələyə qədəm qoyduğunu növbəti dəfə təsdiqləyib. Dövlətimizin başçısının vurğuladığı kimi, ikitərəfli əlaqələrdə müşahidə olunan görünməmiş müsbət dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradənin bariz nəticəsidir. Bu tərəfdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, qlobal nəqliyyat dəhlizləri, ticarət dövriyyəsinin artırılması, yaşıl keçid və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması kimi strateji istiqamətləri bütövlükdə əhatə edir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen öz növbəsində bəyan edib ki, enerji sahəsindəki çoxşaxəli əməkdaşlıq Aİ-Azərbaycan tərəfdaşlığının ən güclü sütunlarından biri olaraq qalmaqdadır. Avropanın ali rəhbəri Azərbaycanın son illərdə özünü son dərəcə etibarlı və strateji tərəfdaş kimi sübuta yetirdiyini xüsusi diqqətə çatdırıb. Xanım Fon der Lyayen ölkəmizin yalnız zəngin enerji resursları ilə deyil, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm geostrateji logistik mərkəz statusu ilə qlobal əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, Avropa Komissiyasının Prezidenti regionda sülh, sabitlik və genişmiqyaslı əməkdaşlıq prosesinin əsas təşəbbüskarı kimi Prezident İlham Əliyevin liderlik missiyasını və siyasi iradəsini xüsusi qeyd edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31