İki səfərin iqtisadi fərqi- ÖZƏL

"Bu həftə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen əvvəl Azərbaycana, sonra isə Ermənistana səfər etdi. Bu 2 səfərin iqtisadi cəhətdən mühüm fərqləri var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bakıya səfərinin əsas iqtisadi mesajı bu idi: Azərbaycan Cənubi Qafqazda Aİ üçün enerji mənbəyi olmaqla yanaşı, Avropa-Xəzər-Mərkəzi Asiya bağlantısının əsas dayaqlarından biridir. Azərbaycana səfərində Aİ "Peace through Connectivity" çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılar üçün 200 milyon avroya qədər qrant ayıracağını və bunun 2 milyard avroya qədər dövlət və özəl investisiya səfərbər edə biləcəyini açıqladı. Potensial layihələr sırasında Naxçıvan dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı da qeyd edildi.  

İrəvana səfərin əsas iqtisadi mesajı isə bu idi: Aİ Ermənistanın iqtisadi diversifikasiyasını, bazar şaxələndirməsini və siyasi seçimlərinin iqtisadi dayanıqlığını dəstəkləyir. İrəvana səfər daha çox Ermənistan iqtisadiyyatının Rusiya bazarından asılılığının azaldılması və Aİ bazarına çıxışının genişləndirilməsi üzərində quruldu. Aİ Ermənistana əlavə 18 milyon avro iqtisadi dəstək açıqladı. Bu, daha əvvəl elan edilmiş 52 milyon avroluq paketin son hissəsidir. Bundan başqa, Aİ Ermənistan ixracının təxminən 80%-i üçün gömrüksüz çıxış mexanizmi təklif edir. Məqsəd Ermənistan məhsullarının Rusiyadan Aİ bazarına yönləndirilməsidir.  

Göründüyü kimi bu 2 səfər arasında mühüm fərq var: Azərbaycana yanaşma strateji tərəfdaşlıq, enerji və bağlantı mərkəzi prizmasından təqdim olunur. Ermənistana yanaşma isə daha çox dayanıqlıq, iqtisadi yardım, bazar diversifikasiyası və Rusiyadan asılılığın azaldılması xəttindədir. Yəni Aİ üçün Azərbaycan regional iqtisadi arxitekturanın daşıyıcı ölkəsidir; Ermənistan isə bu arxitekturaya sülh və açıq sərhədlər vasitəsilə qoşulmağa çalışan ölkə kimi görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31