BMT Gürcüstanda insan haqları ilə bağlı narahatlığını ifadə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Gürcüstanla bağlı hesabatı təqdim olunub.

Hesabatı Ali Komissarlığın Qlobal Əməliyyatlar Departamentinin direktoru Maarit Kohonen Şerif təqdim edərək bildirib ki, 2025-ci ildə Gürcüstanda qəbul edilən bir sıra qanunvericilik dəyişiklikləri və siyasi proseslər insan hüquqları baxımından ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran, dinc toplaşmaq azadlığını zəiflədən qanunlar qəbul edilib, etiraz aksiyaları zamanı isə özbaşına saxlanılmalar, pis rəftar və jurnalistlərə qarşı qeyri-mütənasib güc tətbiqi ilə bağlı məlumatlar daxil olub.

OHCHR Gürcüstan hakimiyyətini bu iddiaları operativ, müstəqil və hərtərəfli araşdırmağa, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb. Qurum eyni zamanda 2025-ci ildə "Yayım haqqında", "Qrantlar haqqında", "Yığıncaqlar və nümayişlər haqqında" qanunlara, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yenidən nəzərdən keçirilməsini tövsiyə edib.

Hesabatda qadınlara qarşı ayrı-seçkilik və zorakılıqla mübarizənin gücləndirilməsi, gender bərabərliyinin təşviqi, vətəndaş cəmiyyəti və media üçün daha əlverişli fəaliyyət mühitinin bərpası da tövsiyələr sırasında yer alıb.

Sənəddə, həmçinin, Abxaziya və Tsxinvali bölgəsində beynəlxalq və regional insan hüquqları mexanizmlərinin fəaliyyətinə maneələrin davam etməsindən təəssüf ifadə olunub. OHCHR bütün nəzarət-buraxılış məntəqələrinin açılmasına, hərəkət azadlığının təmin edilməsinə, etnik gürcülərin və məcburi köçkünlərin hüquqlarının qorunmasına, habelə insan hüquqları pozuntuları ilə bağlı bütün iddiaların araşdırılmasına çağırış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31