Xalqın etimadını doğruldan alternativsiz Lider- ÖZƏL
11:37 SiyasətPrezident İlham Əliyev Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutur
Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.
Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, sorğunun nəticələrində Prezident İlham Əliyevə etimadın yüksək olması təbii haldır: "Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olması onun həyata keçirdiyi daxili və xarici siyasətin təzahürüdür. Sorğuların nəticələrinə əsasən insanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir. Buna səbəb Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasət yürütməsi, Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutması, milli maraqlarlarımızı qətiyyətlə və prinsipiallıqla müdafiə etməsidir. Dünyada baş verən siyasi və iqtisadi təlatümlər dönəmində bütün təzyiq və təhdidlərə baxmayaraq dövlət başçısı Azərbaycan dövləti və xalqının maraqlarını hər şeydən üstün tutub.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə siyasi legitimliyinin və fəaliyyətinin əsas mənbəyi olaraq Azərbaycan xalqına olan inamını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, onun əsas güc mənbəyi xalqın iradəsi, dəstəyi və xalq-iqtidar birliyidir. Prezident ölkə daxilində və xaricdə atdığı bütün qətiyyətli addımlarda məhz xalqın sevgisinə və inamına söykəndiyini bəyan edir. Sorğu iştirakçılarının 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab etməsi onun öz gücünün xalqdan alması, ona güvənməsi, xalqın iradəsini ifadə etməsi və xalqın ona olan böyük etimadının göstəricisidir. Qətiyyətlə demək olar ki, dövlət başçısının siyasi kursunun mərkəzində xalqın maraqlarının, sosial rifahının və milli təhlükəsizliyinin təmin olunması dayanır.
Respondentlərin Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul etməsi onun regionda və dünyada baş verən siyasi və itisadi proseslərin nizamasalınması iqtiqamətində irəli sürdüyü təkliflər, çıxış etdiyi təşəbbüslərin nəticəsidir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin qətiyyətli lider xüsusiyyətləri, alternativsiz lider olması həm ölkəmizdə, həm də dünyada qəbul edilir. Bu, onun dünyada böyük nüfuz sahibi olmasına zəmin yaradır. Prezident İlham Əliyev təkcə Azərbaycan xalqı deyil, eləcə də dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də alternativsiz lider kimi qəbul edilir. Bunun bu günlərdə ölkəmizə səfər edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin çıxışında da şahidi olduq: "Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq".
Eyni zamanda, 44 günlük Vətən müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanmasına səbəb olub. Məhz sadalanan faktlar sorğular zamanı Prezident İlhan Əliyevin bütün sahələrdə lider olduğunu təsdiq edib".