Azərbaycan bərabərhüquqlu tərəfdaşlığı rəhbər tutur- ÖZƏL

"Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər son dövrlər daha praqmatik və ən əsası tərəflərin qarşılıqlı maraqlanın əsas götürüldüyü istiqamət üzrə inkişaf edir. Bu mənada Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir". Bunu "Olaylar"a siyasi şərhçi Pərviz Mirizadə deyib:

"Reallıq ondan ibarətdir ki, bu gün Avropa İttifaqı kiçik nüanslar istisna olmaqla ənənəvi narrativlərdən çıxaraq öz siyasətinə yeni çalarlar əlavə edir. Bunlar əlbəttə zərurətdən irəli gələn situasiyadır. Böyük ölçüdə Rusiya - Ukrayna müharibəsi ilə başlayan və digər münaqişələrlə qlobal enerji bazarına ciddi təsir göstərən enerji çatışmazlığı, xüsusilə, etibarlı enerji mənbələrinə əlçatımlılıq Avropanın diqqətini Transxəzər  regionuna və ənəsası Xəzərin qərb sahilində alternativsiz ölkə rolunda çıxış edən Azərbaycana yönəldir. Rəsmi Bakı üçünsə Avropa bazarında daha güclü şəkildə təmsil olunmaq bir növ strateji hədəf kimi qiymətləndirilir. Hər keçən gün artan tələb və bu tələblər fonunda genişlənən tərəfdaşlıqlar bunun bariz nümunəsidir. 

Təbii ki, tərəflər arasında  zaman - zaman ziddiyyətlər baş verir və gələcəkdə də, mənfi situasiyaların yaşanacağı istisna deyil. Əlbəttə yaranan fikir ayrılıqları Avropadan qaynaqlanan və böyük ölçüdə sifariş əsasında həyata keçirilən qərəzli ritorikanın bir parçasıdır. Lakin Azərbaycan bərabərhüquqlu tərəfdaşlığı rəhbər tutaraq qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və bu səfərlər eyni zamanda fikir ayrılıqlarını aydınlaşdırmaq üçün münbit zəmin formalaşdırır. Yəni, qarşılıqlı hörmət və konstruktiv dialoqa əsaslanan əməkdaşlıq həm Avropa İttifaqının, həm də Azərbaycanın strateji maraqlarına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31