Aİ-nin imtina edə bilmədiyi tərəfdaş: Azərbaycan niyə strateji önəm daşıyır? – ÖZƏL

"Avropa İttifaqı üçün Azərbaycan strateji əhəmiyyətə malik ölkədir. Azərbaycanın rolu təkcə qaz təchizatı ilə məhdudlaşmır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkəmiz yaşıl enerji sahəsində də ciddi təcrübəyə malikdir və artıq bu istiqamətdə layihələrin həyata keçirilməsinə başlayıb. Bu isə Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm tərəfdaşa çevirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, bundan əlavə, başqa bir mühüm məqam da var. Avropa İttifaqını Çin və Orta Asiya ilə birləşdirən əsas dəmir yolu, nəqliyyat və kommunikasiya marşrutları böyük ölçüdə Azərbaycanın ərazisindən keçir. Təbii ki, bu amil Avropa İttifaqı üçün xüsusi maraq kəsb edir. Azərbaycanın bu strateji üstünlükləri və həyata keçirdiyi uğurlu diplomatik siyasət Avropa İttifaqını Azərbaycanın maraqlarını daha çox nəzərə almağa sövq edir. Təbii ki, burada regional əməkdaşlıq da ön plandadır. Avropa İttifaqının Cənubi Qafqazda baş verən proseslərə yanaşması zaman-zaman dəyişə bilər. Lakin bu proseslərdə həm Azərbaycanın, həm də regionun digər dövlətlərinin maraqları mütləq nəzərə alınmalıdır.

"Hesab edirəm ki, enerji təchizatı məsələsi hazırda əsas prioritetlərdən biridir. Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı və enerji təchizatını tam şəkildə alternativ mənbələrlə təmin edə bilmədiyi üçün Azərbaycan bu baxımdan onun ən vacib və etibarlı alternativ tərəfdaşlarından biridir. Eyni zamanda, geosiyasi baxımdan da Azərbaycanın Avropa üçün verə biləcəyi mühüm töhfələr var. Məhz buna görə hesab edirəm ki, xanım Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı səsləndirilən mesajlarda bu məqamlar xüsusi vurğulanıb və ya vurğulanmaqdadır. Ümumilikdə, münasibətlər məhz bu mesajlar üzərində formalaşır və hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq hər iki tərəf üçün müsbət nəticələr verə bilər", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31