Tiflisin sülh diplomatiyası: Gürcüstan doğrudanmı səmimi vasitəçidir? – ÖZƏL

"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 67-ci plenar iclasında səsləndirdiyi fikirlər diplomatik nəzakət örnəyi olmaqla yanaşı, həm də Tiflisin son illərdəki regional siyasətinin məntiqi davamıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesi ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının eyni strateji kontekstdə qiymətləndirilməsi təsadüfi sayılmamalıdır. Çünki Güney Qafqazın gələcəyi artıq ayrı-ayrı dövlətləri aşaraq, bütövlükdə bölgənin təhlükəsizlik və inkişaf modeli kimi düşünülür.

Bu anlamda sual tam haqlıdır: Gürcüstan doğrudanmı səmimi və təşəbbüskar vasitəçi olub?

Məncə, cavab ümumən müsbətdir.
Gürcüstanın mövqeyini qiymətləndirərkən ilk növbədə onun geosiyasi gerçəkliyini nəzərə almaq gərəkdir. Özü də ərazi bütövlüyü problemi yaşayan, münaqişələrin acısından qurtulmayan bir dövlət kimi Gürcüstan Güney Qafqazda davamlı gərginliyin heç bir ölkəyə qazanc gətirmədiyini yaxşı anlayır. Sabitlik Gürcüstanın da milli çıxarlarının ayrılmaz hissəsidir. Əlbəttə, Gürcüstan heç vaxt klassik vasitəçi dövlət rolunu üzərinə götürməyə çalışmadı; o, daha çox güvən məkanı yaratmağa üstünlük verdi. Ayrı-ayrı dönəmlərdə Azərbaycan və Ermənistan rəsmilərinin Tiflisdə görüşməsi, parlamentlərarası dialoqların təşviqi, ekspert platformlarının təşkili, eləcə də qeyri-rəsmi təmaslara ortam yaradılması bunun örnəkləridir. Bu, necə deyərlər, sakit diplomatiyanın elementləridir və bəzən ən gurultulu açıqlamalardan daha səmərəli olur. Gürcüstan hansısa geosiyasi blokun diktəsi ilə hərəkət etmədiyini nümayiş etdirir; əksinə, öz təhlükəsizliyini bölgənin təhlükəsizliyi ilə bir tutan dövlət kimi çıxış edir. Azərbaycan üçün Gürcüstan uzun illərdir strateji tərəfdaşdır. İki qonşu ölkə həm də ortaq gələcək quran tərəfdaşlardır. - Enerji layihələri, daşıma dəhlizləri, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi irimiqyaslı layihələr bunu göstərdi. Belə deyək, Tiflisin bölgədə sülhə marağı həm də iqtisadi və strateji xarakter daşıyır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsində də Gürcüstan balanslı mövqe nümayiş etdirdi. Bölgədə açılan hər yeni kommunikasiya xətti, hər yeni iqtisadi marşrut bütövlükdə Güney Qafqazın rəqabət qabiliyyətini artırır. - Tiflisdə bunu yaxşı anlayırlar. Burada söhbət sərhədlərin açılmasından daha çox, psixoloji baryerlərin aradan qaldırılmasından gedir.

"Bununla belə, gerçəkliyi romantikləşdirmək də doğru olmaz. Tiflisi prosesin əsas müəllifi kimi tanıtmaq doğru olmaz. Azərbaycan-Ermənistan sülh gündəliyinin başlıca müəyyənedicisi məhz Bakının yaratdığı yeni geosiyasi gerçəkliklərdir. 2020-ci ildən sonra bölgədə formalaşan yeni durum dövlətləri işbirliyi haqqında daha ciddi düşünməyə vadar etdi. Ən önəmli məqamlardan biri də budur ki, Gürcüstan Güney Qafqazın problemlərinin ilk növbədə bölgə ölkələri tərəfindən çözülməsini dəstəkləyən yanaşmanı dəfələrlə ifadə edib. Bu baxış Azərbaycanın uzun illər irəli sürdüyü regional işbirliyi fəlsəfəsi ilə də üst-üstə düşür. Bölgənin taleyində kənar rəqabətlərin təsirinin azalması ümumi çıxarlara uyğundur. Bugünkü geosiyasi ortamda Güney Qafqaz artıq savaşlar, dartışmalar məkanı olmaqdan sıyrılıb, Orta Dəhlizin, enerji təhlükəsizliyinin, rəqəmsal bağların və qlobal logistikanın önəmli bir parçası kimi qiymətləndirilir. Bu isə yeni məsuliyyət yaradır. Sabitlik artıq siyasi olduğu qədər iqtisadi anlayışla da tamlıq qazanır.
Bax, Şalva Papuaşvilinin çıxışını da məhz bu prizmadan oxumaq lazımdır. O, əslində bölgənin gələcəyinə dair ortaq baxışı ifadə etmiş oldu: yəni savaşlardan, dartışmalardan işbirliyinə, qarşıdurmadan qarşılıqlı faydaya keçid...

"Beləliklə, Tiflisin rolu həlledici olmasa da, güvən mühitinin qorunmasına, dialoq platformlarının yaşamasına və bölgəsəl işbirliyi ideyasının güclənməsinə xidmət edib. Güney Qafqazın gələcəyi yalnız sülh sazişlərinin imzalanması ilə müəyyənləşməyəcək; həqiqi uğur o zaman əldə olunacaq ki, bölgə dövlətləri bir-birini ortaq coğrafiyanın məsuliyyətli tərəfdaşları kimi qəbul etməyi bacarsın. Tiflisin son illərdəki siyasətinin də məhz bu düşüncənin ifadəsi kimi qiymətləndirilə biləcəyini düşünürəm", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31