Aİ-nin etibarlı tərəfdaşı: Azərbaycanın Qərb üçün strateji çəkisi – ÖZƏL

"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Azərbaycanın regional nüfuzunun yüksəlməsi və strateji əhəmiyyətinin artması ilə bağlı müsbət fikirlər səsləndirib. Bu fikirlərin kifayət qədər ciddi əsasları var".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, həqiqətən də son dövrlərdə dünyada və eyni zamanda bölgəmizdə baş verən mürəkkəb və qəliz proseslərə baxmayaraq, Azərbaycan həm öz nüfuzunu qoruyub saxlaya, həm də onu daha da artıra bilir. Ölkəmiz regional münaqişələrə qoşulmur, eyni zamanda Azərbaycan-Ermənistan sülh sazişinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Xüsusilə Ermənistan üzərindəki təzyiqlərin azalmasına və sülh prosesinin irəliləməsinə yönəlmiş faydalı addımlar atır. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlığın möhkəmlənməsi, regional sabitliyin təmin olunması və mövcud problemlərin tədricən aradan qaldırılması istiqamətində də mühüm rol oynayır. Bütün bunlar real faktlardır. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi artıq xeyli dərəcədə yüksəlib. Vaxtilə ərazi münaqişəsi yaşayan, torpaqlarının 20 faizinin işğalı ilə üzləşən və beynəlxalq aləmdən ciddi dəstək ala bilməyən Azərbaycana bu gün daha fərqli və müsbət münasibət göstərilir. Azərbaycanın beynəlxalq roluna, xüsusilə enerji ehtiyatlarına ehtiyac duyan ölkələrin, Qərb dövlətlərinin və Avropa İttifaqının xüsusi diqqətini aydın şəkildə müşahidə edirik. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm komponentlərindən biridir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rol ölkəmizi Avropa İttifaqı üçün əhəmiyyətli və etibarlı tərəfdaşa çevirib. Hazırda Azərbaycanın Avropa İttifaqının ondan çox üzv dövləti ilə qaz sahəsində əməkdaşlığı mövcuddur. Bununla yanaşı, Avropa ölkələrinin əksəriyyətinə neft ixrac edirik. Təbii ki, bu əməkdaşlıq həm ayrı-ayrı üzv dövlətlərlə ikitərəfli münasibətlərə, həm də bütövlükdə Avropa İttifaqı ilə əlaqələrin inkişafına müsbət təsir göstərir.

"Bu açıqlamaların daha mühüm tərəfi isə ondan ibarətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi əməkdaşlığın və siyasi dialoqun daha da dərinləşdirilməsi üçün sanki yaşıl işıq yandırılıb. Bu, olduqca vacib məqamdır. Biz bilirik ki, Cənubi Qafqaz artıq bütövlükdə Avropa İttifaqının siyasi gündəmində yer alan regionlardan biridir. Region ölkələrinin Avropa ilə inteqrasiyası istiqamətində müxtəlif proqramlar və əməkdaşlıq mexanizmləri mövcuddur. Gürcüstanın bu istiqamətdə atdığı addımları, Ermənistanın da Avropa İttifaqı ilə yaxınlaşmaq istiqamətində müəyyən təşəbbüslərini müşahidə edirik. Düşünürəm ki, Azərbaycanın da Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşməsi və inteqrasiya səviyyəsinin yüksəlməsi üçün hazırda əlverişli şərait formalaşır. Bu, kifayət qədər mühüm amildir. Biz bilirik ki, Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmaq istəyir. Lakin müxtəlif səbəblərdən bu proses davamlı şəkildə ləngidilir. Azərbaycanın isə Avropa İttifaqı ilə münasibətlərini üzvlükdən kənar formatda inkişaf etdirməsi müəyyən üstünlüklər də yarada bilər. Hər halda zaman göstərəcək ki, bu əməkdaşlıq gələcəkdə hansı səviyyəyə qədər inkişaf edəcək. Bu, hər iki tərəfin siyasi iradəsindən asılı olan məsələdir. Bütün hallarda görünən odur ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var və bu münasibətdə müsbət yanaşma hiss olunur. Ümid edirəm ki, yaranmış bu şərait Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsi üçün ciddi imkanlar və yeni fürsətlər yaradacaq", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31