Azərbaycan polisi vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısıdır- ÖZƏL
15:07 Siyasət"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar, təhlükəsizlik siyasəti və dövlət idarəçiliyinin təkmilləşdirilməsi nəticəsində Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınır. Bu uğurun əldə edilməsində Azərbaycan polisinin və Daxili İşlər Nazirliyinin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan polisi dövlətçiliyimizin möhkəm dayaqlarından biri, ictimai-siyasi sabitliyin, hüquq qaydasının və vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məcllisin deputatı Azay Quliyev deyib:
"Polis əməkdaşları gecə-gündüz, bayram və istirahət günləri fərqi qoymadan 24 saat fasiləsiz xidmət göstərərək cəmiyyətin əmin-amanlığını qoruyur, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir. Bu fədakar xidmət sayəsində insanlar özlərini təhlükəsiz hiss edir və dövlətə olan inam daha da möhkəmlənir. Məhz buna görə bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Bunun səbəbi təkcə cinayət statistikası deyil, həm də insanların gündəlik həyatda hiss etdiyi təhlükəsizlik mühitidir.
Məsələn, Paris uzun illərdir turistlərə qarşı cibgirlik, çanta və şəxsi əşyaların oğurluğu ilə bağlı Avropanın ən problemli şəhərlərindən biri hesab olunur. Xüsusilə, Eyfel qülləsi, Luvr Muzeyi, Şanzelize prospekti və metro xətlərində vətəndaşlar və turistlər dəfələrlə bu cür hallarla üzləşiblər. Və yaxud Brüssel və Amsterdam Avropada narkotik qaçaqmalçılığı və transmilli mütəşəkkil cinayətkarlıqla bağlı silahlı insidentlərin baş verdiyi mərkəzlər sırasındadır.
London da isə bıçaqlı hücumlar, küçə soyğunçuluğu, mobil telefonların və saatların oğurlanması hər kəsi ciddi narahat edir. Bu barədə London polisinə müraciət edəndə isə çox qəribə vəziyyətlə üzləşirsən. Ya sənin müraciətinə ümumiyyətlə baxılmır, ya da deyirlər ki, küçədə gedəndə telefonu gizli yerdə saxla və çalış ki, oğurlamasınlar. Ona görə də bu gün Londona gedən şəxsin ilk sualı belə olur: "şəhərin hansı ərazisi nisbətən daha təhlükəsiz hesab olunur?" Mən Vaşinqtonu, Nyu-Yorku, San Fransiskonu hələ demirəm, günün günorta çağı avtomobillərin şüşələrini qırıb içindəki əşyaların oğurlanması, mağazaların talan edilməsi, cibgirlik baş alıb gedir. Hətta, bir neçə il əvvəl Vaşinqtonda olanda bizə dedilər ki, axşam saat 6-dan sonra şəhərdəki parklardan birinə (adını unutdum) getməyək, orda hücuma məruz qala və qarət oluna bilərsiniz. Cənubi Amerika ölkələrinin bir çox şəhərlərində isə silahlı polislər tərəfindən mühafizə olmadan ümumiyytələ, şəhərə çıxmaq riskli hesab olunur.
Ancaq bu gün həm vətəndaşlarımız, həm də turistlər Bakıda istədikləri vaxt rahat və təhlükəsiz şəkildə gəzə bilərlər. Məncə, bu çox böyük üstünlükdür, hətta deyərdim ki, ölkəmiz üçün çox böyük nemətdir. Gərək bunun qədrini bilək və lazımınca dəyərləndirək. Bütün bunlar isə asanlıqla əldə olunmur. Bu tarixi nailiyyətlər Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət, Daxili İşlər Nazirliyində daim həyata keçirilən genişmiqyaslı institusional islahatlar, rəqəmsal texnologiyaların tətbiqi, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, polis-vətəndaş münasibətlərinin müasir standartlara uyğun inkişaf etdirilməsi və xüsusilə, vətəndaş müraciətlərinə həssas yanaşmanın hesabına mümkün olubdur.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin vətəndaş müraciətlərinə göstərdiyi həssas və operativ münasibətlə bağlı bir məqamı xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, Milli Məclisin deputatlarına seçicilər tərəfindən müxtəlif məzmunlu müraciətlər daxil olur. Həmin müraciətlər arasında Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti üzrə Nazirliyə təqdim edirik. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Naziri, General-polkovnik Vilayət Eyvazov deputat müraciətlərinə şəxsən baxır, onların hər biri üzrə qəbul edilmiş qərarlar barədə öz imzası ilə rəsmi cavab məktubu göndərir. Hesab edirəm ki, bu, dövlət idarəçiliyində məsuliyyətli yanaşmanın və şəffaflığın bariz nümunəsi olmaqla yanaşı, kifayət qədər nadir rast gəlinən və təqdirəlayiq idarəetmə təcrübəsidir.
Ən əsası isə odur ki, söhbət təkcə deputat müraciətlərindən getmir. Vətəndaşın qaldırdığı hər bir məsələyə vaxtında, obyektiv və həssas yanaşılması, insanların problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi Daxili İşlər Nazirliyinin fəaliyyətində vətəndaş məmnunluğunun əsas prioritetlərdən biri olduğunu göstərir. Məhz belə yanaşma Daxili İşlər orqanlarına və Azərbaycan polisinə ictimai etimadı daha da möhkəmləndirir, dövlət-vətəndaş münasibətlərini gücləndirir və ölkənin təhlükəsizlik sisteminin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.
Nəhayət, Azərbaycan polisi yalnız daxili asayişin keşiyində dayanan hüquq-mühafizə orqanı deyil, eyni zamanda dövlətimizin milli təhlükəsizliyinin və suverenliyinin müdafiəsində mühüm rol oynayan dövlət qurumudur. 44 günlük Vətən müharibəsi zamanı daxili qoşunlar və polis əməkdaşları digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək yüksək peşəkarlıq, mərdlik və vətənpərvərlik nümayiş etdirdilər. Onların bir çoxu qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı, çoxsaylı əməkdaş isə yaralanaraq və ya dövlət təltiflərinə layiq görülərək Azərbaycanın şanlı Zəfər tarixində öz adlarını əbədi həkk etdilər.
Fürsətdən istifadə edərək, Azərbaycan Polisi Günü münasibətilə başda Nazir, General-Polkovnik Vilayət Eyvazov olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarını və veteranlarını səmimi qəlbdən təbrik edir, xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qəhrəman polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə Allahdan səbr diləyirəm. Əminəm ki, Azərbaycan polisi bundan sonra da Prezident cənab İlham Əliyevin müəyyən etdiyi təhlükəsizlik strategiyasına sadiq qalaraq dövlətçiliyimizin, xalqımızın və milli maraqlarımızın keşiyində eyni əzmkarlıq və peşəkarlıqla dayanacaqdır".