Doha danışıqları: Tərəflər mövqelərində israrlıdır- ÖZƏL

" Qətər paytaxtı Dohada tərəflər arasında keçirilmiş görüş vasitəçilərin təşkilatçılığı ilə baş tutmuş və birbaşa olmamışdır, o daha çox texniki səciyyə daşımış, pozitiv əhəmiyyət kəsb etsə də, qarşılıqlı maraq doğuran mübahisəli məsələlərin həllinə təsir göstərməmişdir. Tərəflərin məlum görüşlə bağlı mətbuata verdiyi açıqlamalar da, ziddiyətli xarakter kəsb edir. İran onun Qərb banklarında dondurulmuş maliyyə aktivlərinin təxminən 6 milyard dollar ona qaytarılacağı barədə məlumat versə də,  ABŞ bunu təkzib edir, Səudiyyəyə məxsub "Əl Ərəbiyyə" kanalı isə məbləğin 3 mil.dollar olduğunu bildirərək bu vəsaitin İrana vacib olan ərzaq və dərman vasitələrinin alınmasına sərf olunacağı barədə razılığın əldə edildiyini bildirib".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:

"Danışıqlarda Hörmüz boğazı ətrafında mübahisəli problemin həlli istiqamətində razılığa gəlmək mümkün olmamışdır. İran onun boğaza nəzarət hüququnun beynəlxalq birlik tərəfindən tanınmasında maraqlıdır, ABŞ isə boğazda naviqasiyanın tam və sərbəst şəkildə açılmasını təklif edir və boğazdan keçən gəmilərə görə İranın gömrük rüsumları almaq hüququnun düzgün olmadığını bildirir, ABŞ-a görə İran Qərb banklarındakı  aktivlərinin donunun açılmasından daha böyük mənfəət əldə edə bilər.
İranın nüvə proqramı ilə tərəflər arasında mübahisəli məsələlərin həlli ətrafında da, hər hansı razılıq əldə edilməmişdir, ABŞ-a görə bu məsələlər ətrafında müzakirələr İranın sabiq ali rəhbəri Xameneinin dəfnindən və İran daxilində siyasi sabitliyin təmin olunmasından sonrakı mərhələdə danışıqların yenidən müzakirə obyekti olacaq.
Dohadakı görüşdə 60 günlük Memorandumun icrasına nəzarətlə bağlı kanalın yaradılması barədə əldə edilmiş razılıq Doha göruşunun yeganə pozitiv cəhətidir.
Danışıqların sonrakı raunduna təsir göstərə biləcək amillərə gəlincə bunlar, ABŞ və İranın özündə yaşana biləcək hadisələr, Rusiya, Çin və ABŞ-nin danışıqlara təsir imkanları, İsrail və Ərəb birliyi, habelə Türkiyənin perspektivdə region ətrafında cərəyan edən hadisələrə mövqeyindən asılı olacaq. Dünya enerji bazarında Hörmüz boğazının yaratdığı gərginlik isə əhəmiyyətli faktor olaraq qalmaqdadır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31