Vaşinqtonun Qafqaz ssenarisi: ABŞ səfirlərinin yubanmasının səbəbi nədir? – ÖZƏL

ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstanda uzun müddətdir səfir təyin etməməsi Cənubi Qafqazda geosiyasi rəqabətin gücləndiyi bir dövrdə diqqət çəkir. Ekspertlər bunu Vaşinqtonun bölgədən uzaqlaşması deyil, yeni geosiyasi reallıqları nəzərə alaraq daha ehtiyatlı və çevik diplomatik strategiya seçməsi kimi qiymətləndirirlər. Donald Trampın Aleksandr Aldeni Azərbaycana səfir vəzifəsinə namizəd göstərməsi isə ABŞ-nin regiona marağının davam etdiyini göstərən mühüm siqnal sayılır.

"Aldenin keçmiş fəaliyyətinə baxdıqda görürük ki, o, müxtəlif vəzifələrdə çalışmış bir şəxsdir. Bu vəzifələr arasında ən diqqətçəkəni təhlükəsizlik sahəsində fəaliyyət göstərməsidir. Bununla yanaşı, özəl sektorda da çalışıb, şirkət rəhbərliyi təcrübəsi olub. Digər tərəfdən isə Çin, Avropa Birliyi və ABŞ arasında münasibətlərlə bağlı müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. Bu da onu göstərir ki, onun peşəkar fəaliyyəti əsasən geosiyasi və geostrateji məsələlərlə bağlı olub. Müxtəlif ölkələrlə münasibətlər, beynəlxalq strategiyalar və geosiyasi proseslər onun fəaliyyət istiqamətlərindən birini təşkil edib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspertin fikrincə, bu gün Aldenin Azərbaycana səfir təyin olunması ABŞ-nin və Donald Tramp administrasiyasının geosiyasi baxışının tərkib hissəsidir. Burada məqsəd yeni bir simanı deyil, məhz bu prosesləri yaxşı bilən, ölkələrarası münasibətləri və regional strategiyanı anlayan bir şəxsi bölgəyə göndərməkdir. Hələlik Cənubi Qafqazın üç ölkəsinə ABŞ səfirlərinin tam şəkildə təyin edilməməsinə gəlincə isə, hesab edirəm ki, bunun da müəyyən səbəbləri var. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Cənubi Qafqaza marağı daha da artıb. Xüsusilə Trampın Zəngəzur layihəsini "TRIPP layihəsi" adlandırmasından sonra bu marağın daha da gücləndiyini müşahidə edirik. ABŞ hazırda Rusiya, Çin və digər rəqib güclərin Cənubi Qafqazdakı təsirini məhdudlaşdırmağa çalışır. Bu səbəbdən də regionda öz siyasi və diplomatik mövcudluğunu daha da gücləndirmək niyyətindədir. TRIPP layihəsi təkcə iqtisadi və ya logistika layihəsi deyil. Bu layihənin geosiyasi və strateji tərəfləri də mövcuddur. Layihənin həyata keçirilməsi regionda müəyyən nəzarət mexanizmlərinin formalaşdırılmasını da tələb edir. ABŞ də
öz maraqlarını qorumaq üçün bölgəni yaxşı tanıyan, strateji düşüncə qabiliyyətinə malik və regional prosesləri düzgün qiymətləndirə bilən diplomatların bölgədə fəaliyyət göstərməsini istəyir. Bu baxımdan Azərbaycan, Ermənistan və ümumilikdə Cənubi Qafqaz üzrə elə şəxslərin təyin olunmasına üstünlük verilir ki, onlar regionu yaxşı tanısın, mövcud geosiyasi vəziyyəti düzgün dəyərləndirsin və ABŞ-nin strategiyasını effektiv şəkildə həyata keçirə bilsinlər.

"Hesab edirəm ki, ABŞ hələ Cənubi Qafqazdakı yeni diplomatik strategiyasını tam formalaşdırmadığı üçün səfirlərin təyinatı müəyyən qədər vaxt aparır. Hazırda uyğun namizədlərin seçilməsi prosesi davam edir və bu seçim başa çatdıqdan sonra səfir təyinatları həyata keçiriləcək. Həmin ölkələrə elə diplomatlar göndərilməlidir ki, həm regionun xüsusiyyətlərini dərindən bilsinlər, həm də ABŞ-nin maraqlarını problem yaratmadan həyata keçirə bilsinlər. Eyni zamanda, onların hər üç ölkədə işləməsi, münasibətləri düzgün qurması və Cənubi Qafqazda ABŞ-nin strateji məqsədlərinin həyata keçirilməsinə töhfə verməsi mümkün olsun", - deyə R. Məmmədova sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31