Yeni seçki qaydaları: Moskvanın Ermənistana təsir imkanları azalır? - ÖZƏL
13:37 Siyasət"Paşinyan Rusiyada yaşayan Ermənistan vətəndaşlarının ölkəsindəki seçki və siyasi proseslərdə iştirakını məhdudlaşdıran qərar qəbul edib. Seçki Məcəlləsinə edilən dəyişikliklərə əsasən, seçki gününədək son altı ay ərzində Ermənistanda daimi yaşamayan Ermənistan vətəndaşları seçki prosesində iştirak edə bilməyəcəklər."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu o deməkdir ki, xüsusilə Rusiyada yaşayan və Ermənistan vətəndaşlığına malik olan ermənilərin ölkədaxili siyasi proseslərdə iştirakı xeyli məhdudlaşacaq. Onlar nə namizəd kimi irəli sürülə, nə də seçici qismində səs verə biləcəklər.
Bu addım ilk növbədə Paşinyanın öz siyasi maraqları çərçivəsində atdığı qərar kimi qiymətləndirilə bilər. Onun beynəlxalq dairələr tərəfindən necə dəyərləndiriləcəyi və Seçki Məcəlləsinə edilən dəyişikliklərin gələcəkdə Venesiya Komissiyasında necə qiymətləndiriləcəyi isə ayrıca müzakirə mövzusudur. Lakin görünən odur ki, Paşinyan bu addımla siyasi hakimiyyətini kənar təsirlərdən və müdaxilələrdən qorumağa çalışır.
Təbii ki, bu qərar Rusiyanı narahat edir. Çünki Rusiya indiyədək öz ərazisində yaşayan Ermənistan vətəndaşlarından Ermənistanın daxili siyasi proseslərinə təsir göstərmək üçün müəyyən vasitə kimi istifadə edirdi. Qanunvericiliyə edilən dəyişiklikdən sonra isə Moskvanın bu istiqamətdə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır.
Digər mühüm məqam ondan ibarətdir ki, Rusiyadakı erməni diasporu uzun illər ərzində Cənubi Qafqazda, xüsusilə Azərbaycana münasibətdə düşmən möveyi ilə seçilib. Onlar Ermənistanda revanşist qüvvələrin əsas dəstəkçilərindən biri kimi çıxış edib, həmçinin separatçı dairələrə siyasi və ictimai dəstək göstəriblər. Bu dəstək həm Rusiyadakı imkanların səfərbər olunması, həm də Ermənistanın daxili siyasi və seçki proseslərində iştirak vasitəsilə nümayiş etdirilib.
Rusiyada yaşayan Ermənistan vətəndaşlarının və erməni diasporunun Ermənistanın daxili siyasi proseslərinə təsir imkanlarının məhdudlaşdırılması o deməkdir ki, bölgədə revanşizm, müharibə və separatizm tərəfdarı olan qüvvələr mühüm dəstək mənbələrindən birini itirmiş olurlar.
Rusiyadakı erməni diasporu uzun illər ərzində Azərbaycana qarşı yönəlmiş separatçı fəaliyyətləri dəstəkləyən əsas qüvvələrdən biri hesab olunub. Bu baxımdan onların Ermənistanın daxili siyasi proseslərinə təsir imkanlarının azalması dolayısı ilə Cənubi Qafqazda separatizmi dəstəkləyən qüvvələrin təsir imkanlarının da zəifləməsinə səbəb ola bilər.
Nəticə etibarilə, Paşinyanın bu addımı ilk növbədə öz siyasi hakimiyyətini möhkəmləndirmək məqsədi daşısa da, eyni zamanda bölgədə revanşizmə, müharibə ritorikasına və separatizmə dəstək verən qüvvələrin mövqeyinin zəifləməsinə təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilə bilər."
İbrahim Məmmədli