Vaşinqton və Tehran arasında Doha xətti: Sülh, yoxsa vaxt qazanmaq? – ÖZƏL
13:25 Siyasət"ABŞ və İran arasında Doha platformasında Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan təmaslar göstərir ki, hər iki tərəf hərbi qarşıdurmanın yenidən genişlənməsində maraqlı deyil. Son aylarda regionda yaşanan gərginlikdən sonra dialoqun bərpası Yaxın Şərqdə sabitliyin qorunması baxımından müsbət siqnaldır. Lakin bu, hələlik tərəflər arasında tam etimadın formalaşdığı anlamına gəlmir. ABŞ ilə İran arasında münasibətlər onilliklərdir qarşılıqlı inamsızlıq üzərində qurulub. Nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik və tərəflərin geosiyasi maraqları hələ də əsas fikir ayrılığı olaraq qalır. Buna görə də Dohada keçirilən görüşləri yekun sülh sazişinə aparan proses kimi deyil, daha çox gərginliyin idarə olunmasına xidmət edən diplomatik mərhələ kimi qiymətləndirmək lazımdır".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, əgər danışıqlar ardıcıl xarakter alarsa və vasitəçi dövlətlər tərəflər arasında etimadın möhkəmləndirilməsinə nail ola bilsələr, müəyyən humanitar və texniki məsələlər üzrə razılaşmalar mümkündür. Ancaq hərtərəfli normallaşma üçün həm Vaşinqtonun, həm də Tehranın ciddi siyasi iradə nümayiş etdirməsi vacibdir.
"Onu da demək vacibdir ki, İrandakı daxili siyasi proseslər də danışıqların gələcəyinə birbaşa təsir edən amillərdəndir. Rəhbərlik daxilində baş verən hər hansı dəyişiklik, siyasi qüvvələr arasında balansın yenidən formalaşması və qərarvermə mexanizmlərində yaranan yeni vəziyyət xarici siyasət kursuna da təsir göstərə bilər. Belə bir dövrdə Tehran daha ehtiyatlı mövqe nümayiş etdirə və mühüm qərarların qəbulunu müəyyən müddətə təxirə sala bilər. Ümumilikdə hesab edirəm ki, Doha görüşü diplomatik baxımdan mühüm addımdır, lakin ABŞ-İran münasibətlərində tam normallaşma və uzunmüddətli sülh hələ də kifayət qədər mürəkkəb və zaman tələb edən proses olaraq qalır. Bununla belə, dialoqun davam etməsi hərbi eskalasiya riskini azaltmaq və regionda nisbi sabitliyi qorumaq baxımından ən rasional yoldur", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova