Cənubi Qafqazda sülhə Gürcüstan dəstəyi: Strateji tərəfdaşlıq ön plana çıxır- ÖZƏL
13:23 SiyasətGürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesini müsbət qiymətləndirib. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması da regionda sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Papuaşvilinin sözlərinə görə, Cənubi Qafqaz ticarət, nəqliyyat, energetika və rəqəmsal bağlılıq baxımından böyük potensiala malikdir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Gürcüstan parlament sədrinin çıxışı müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, Gürcüstan tərəfi əslində Azərbaycan-Ermənistan münasibətlərinin doğrudan da normallaşmasını istəyir və bu prosesdə maraqlıdır.
Xatırlatmaq lazımdır ki, vaxtilə Gürcüstan həm də Azərbaycan və Ermənistan arasında görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib, danışıqlar formatı üçün öz ərazisini məkan kimi təklif edib. Zaman-zaman həm Azərbaycan, həm də Ermənistanla münasibətlər çərçivəsində bu məsələ gündəmə gətirilib və Gürcüstan sülh prosesini birmənalı şəkildə dəstəklədiyini bəyan edib.
Nəzərə alsaq ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri kifayət qədər inkişaf edib, tərəflər bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər, birlikdə hərbi təlimlər keçirirlər, nəqliyyat və logistika sahələrində əməkdaşlıq edir, birgə layihələr həyata keçirirlər, bu baxımdan hesab edirəm ki, Gürcüstan tərəfinin bu mövqeyi konstruktiv və səmimi mövqedir".
Zeynəb Mustafazadə