Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır- ÖZƏL

"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirlən görüş, verilən bəyanatlar münüsibətlərin inkişafını xarakterizə edib". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat qeyd edib ki, ölkəmizin başçısının da bəyan etdiyi kimi Azərbaycanla Avropa İttifaqı əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur: 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüşdən sonra mətbuata verilən bəyanatlarda bu amillər bir daha diqqətə çatdırıldı. Ölkəmizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli siyasi dialoqun daha da intensiv xarakter aldığını bəyan edib. Ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşləri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirə olunduğu da bildirildi.

Dövlətimizin başçısının da bəyan etdiyi kimi cari il ərzində Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana həyata keçirdiyi ardıcıl səfərlər münasibətlərdə yeni dinamikanın formalaşdığını nümayiş etdirir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfərlərini xatırladan dövlət başçısı bildirib ki, Avropa Komissiyasının Prezidentinin hazırkı səfəri də tərəflər arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin göstəricisidir.

Görüş zamanı nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, bərpaolunan enerji, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri geniş şəkildə nəzərdən keçirilib".

Deputat bildirib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır: "Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Bu da öz növbəsində ümumilikdə region üzrə ticarət dövriyyəsinin təxminən 70 faizini əhatə edir.

Sözsüz ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biridir. Ölkəmizin başçısı da diqqətə çatdırıb ki, dörd il əvvəl tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və həmin sənədin icrası nəticəsində Azərbaycanın Avropa bazarına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqına üzv ölkələrə nəql olunur və artıq 10 üzv dövlət Azərbaycan qazı ilə təmin edilir. Gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün mövcud imkanların olduğu diqqətə çatdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31