Bakı-Brüssel xəttində yeni mərhələ: Strateji tərəfdaşlığa doğru- ÖZƏL
13:00 Siyasət"Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və görüş zamanı səsləndirilən fikirlər müsbət qiymətləndirilməli olan çox mühüm hadisədir. Bu səfər və burada verilən mesajlar göstərir ki, Azərbaycan artıq Avropa Birliyinin və Avropa Komissiyasının nəzərində yalnız enerji təchizatçısı kimi deyil, həm də regionda sabitliyi təmin edə bilən, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına mühüm töhfə verən ciddi regional aktor kimi qəbul olunur. Eyni zamanda, Avropa İttifaqı geosiyasi əməkdaşlıq baxımından Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndirir".
Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
" Təbii ki, bu, təsadüfi deyil. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasətin, regionda və beynəlxalq müstəvidə artan rolunun Avropa İttifaqı və Avropa Komissiyasının Prezidenti tərəfindən etiraf edilməsinin əyani göstəricisidir.
Azərbaycan istər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, istər iqtisadi münasibətlərdə, istər enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də dövlətlər arasında münasibətlərin normallaşdırılması və qorunub saxlanılmasında mühüm rol oynayır. Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı genişləndirməklə bu istiqamətlərdə mühüm nəticələr əldə edə bilər.
Belə səfərlər, görüşlər və verilən bəyanatlar gələcək münasibətlərin inkişafına da müsbət təsir göstərir. Hesab edirəm ki, tərəflər arasında siyasi dialoq daha da güclənəcək. Enerji əməkdaşlığı ilə yanaşı, nəqliyyat, logistika, rəqəmsal layihələr və yaşıl enerji istiqamətlərində də əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.
Bütün bunlar deməyə əsas verir ki, tərəflər uzunmüddətli perspektivdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər və bu səfər həmin proses üçün mühüm impuls rolunu oynaya bilər.
Yekun olaraq qeyd etmək istərdim ki, baş verən bütün bu hadisələr Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu, Azərbaycanın regionun güclü və etibarlı tərəfdaşı kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Eyni zamanda, hesab edirəm ki, bu proses tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və daha geniş əməkdaşlıq imkanlarının formalaşmasına da töhfə verəcək".
Zeynəb Mustafazadə