Azərbaycanın hüquqi mövqeyi: Antiterror əməliyyatından sonra yeni reallıqlar - ÖZƏL
12:46 SiyasətAntiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə bölgədə yeni hüquqi reallıq formalaşıb. Bu fonda terrorçuluq və digər ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı aparılan məhkəmə prosesləri beynəlxalq müstəvidə də diqqət mərkəzində qalmaqda davam edir.
Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın suveren ərazilərində törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir. Son proses zamanı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin bəraət hökmü çıxarılması ilə bağlı tələbləri diqqət çəkib.Erməni separatçılarının özlərini bəraət qazandırmağa yönəlmiş cəhdlərini necə qiymətləndirirsiniz? Bu cəhdlər beynəlxalq hüquqi müstəvidə hər hansı nəticə verə bilərmi, yoxsa daha çox siyasi və informasiya xarakteri daşıyır?
Mövzu ilə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Əsas məsələ siyasi informasiyaların düzgün təqdim edilməsidir. Çünki dünyada Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən qüvvələr müxtəlif təşəbbüslər vasitəsilə öz məqsədlərini həyata keçirməyə çalışırlar. Buna görə də tərəflər arasında zaman-zaman müxtəlif iddialar və ittihamlar irəli sürülür.
Lakin Azərbaycanın mövqeyi bu məsələdə aydındır və hüquqi baxımdan kifayət qədər əsaslandırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi antiterror əməliyyatından sonra tam bərpa edilib və bu istiqamətdə hər hansı hüquqi boşluq mövcud deyil.
BMT və digər beynəlxalq təşkilatlar da bildirirlər ki, silahlı fəaliyyət və terrorçuluqla məşğul olan şəxslər qanun qarşısında cavab verməlidirlər. Azərbaycanda aparılan məhkəmə proseslərində hüquqi şəffaflıq təmin olunur. Təqsirləndirilən şəxslərə vəkillər ayrılır, zərurət olduqda tərcüməçilərlə təmin edilirlər və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə mütəmadi informasiya verilir."
İbrahim Məmmədli