Ermənistanda Paşinyan erası davam edir: Moskva və Tehran yeni reallıqla barışacaq? – ÖZƏL

"Nikol Paşinyanın son dövrlərdə həyata keçirdiyi Qərb meylli siyasət, yəni Qərbə daha çox yaxınlaşma kursu, onun ənənəvi regional tərəfdaşları tərəfindən ciddi müqavimətlə qarşılanıb. Rusiya, Çin və İran liderlərinin Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik etməməsi də bu narazılığın göstəricilərindən biri kimi qiymətləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu, həmin ölkələrin Ermənistanda hazırkı siyasi xəttdən, yəni Nikol Paşinyanın həyata keçirdiyi siyasətdən razı olmadığını və onun növbəti qələbəsini məmnuniyyətlə qarşılamadığını göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın da, Çinin də, İranın da Ermənistanda kifayət qədər böyük təsir imkanları mövcuddur. Hər üç ölkənin Ermənistanda ciddi iqtisadi maraqları, iri investisiyaları və çoxsaylı investorları var. Buna görə də münasibətlərin bu dövlətlərlə gərginləşməsi Ermənistanın sosial-iqtisadi vəziyyətini ağırlaşdıra, eyni zamanda ölkədəki siyasi proseslərə də ciddi təsir göstərə bilər. Çünki hər üç dövlətin Ermənistanla bağlı müəyyən strateji planları var. Çin istisna olmaqla, xüsusilə Rusiya və İranın Ermənistan müxalifətinə müəyyən dəstək göstərməsi barədə fikirlər uzun müddətdir müzakirə olunur. Məsələn, Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları Paşinyan hakimiyyəti dövrünün ən güclü etiraz dalğalarından biri hesab olunur. Həmin aksiyalar zamanı Rusiyanın dəstəyi ilə yanaşı, İranın da müəyyən maraq göstərdiyini iddia edən müxtəlif faktlar və mülahizələr səsləndirilirdi. Ümumilikdə əvvəldən də görünürdü ki, nə Pekin, nə Moskva, nə də Tehran Ermənistanda Qərbə inteqrasiya siyasəti yürüdən Nikol Paşinyanın hakimiyyətdə qalmasını və ölkənin tam şəkildə Qərb yönümlü kurs götürməsini arzu etmir. Bu səbəbdən də tərəflər arasında müəyyən siyasi ziddiyyətlərin mövcud olduğu müşahidə edilirdi. Lakin Ermənistanda seçkilər artıq başa çatıb və belə görünür ki, seçkilərin nəticələri təsdiqlənəcək. Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası təkbaşına hökumət formalaşdırmaq üçün kifayət qədər mandat qazanıb. Böyük ehtimalla, ölkədə yeni hökumət yenidən Nikol Paşinyanın rəhbərliyi altında fəaliyyətə başlayacaq.

"Düşünürəm ki, bu siyasi reallıq fonunda Rusiya, Çin və İran da mövcud vəziyyəti qəbul edərək Ermənistana münasibətdə siyasətlərini yeni şəraitə uyğun qurmalıdırlar. Çünki münasibətlərin daha da gərginləşdirilməsi və ya müxtəlif etiraz formalarının davam etdirilməsi nə Pekinə, nə Moskvaya, nə də Tehrana ciddi siyasi dividendlər qazandıra bilər. Eyni zamanda hesab etmirəm ki, müxalifətə verilən mümkün dəstək Ermənistanın mövcud siyasi mənzərəsini ciddi şəkildə dəyişdirə biləcək. Hazırkı şəraitdə seçkilərin nəticələri formalaşmış siyasi reallıqdır və bundan sonrakı proseslər də böyük ehtimalla məhz bu reallıq əsasında inkişaf edəcək", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31