Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır- ÖZƏL

"Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri bir daha göstərdi ki, bu nüfuzlu qurum Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı mövqenin bariz göstəricisidir". "Olaylar" xəbər verir ki, bini Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti səfər zamanı "Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam" deyərək Azərbaycanın strateji əhəmiyyətini xüsusi qeyd etdi. Eyni zamanda Prezident İlham Əliyevə müraciətlə Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərinizi nümayiş etdirmisiniz fikrini səsləndirdi. Bu fikirlər Azərbaycanın beynəlxalq səviyyədə qazandığı etimadın, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və ölkəmizin regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Avropa Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ kimi yadda qaldı".

Onun sözlərinə görə, dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri olub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq yükdaşımalarında strateji mövqeyini daha da gücləndirib: "Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu vurğulayaraq Azərbaycanın bu istiqamətdə də Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı olacağına əminliyini ifadə etdi. Regional təhlükəsizlik və sülh məsələlərinə də toxunan dövlətimizin başçısı Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin regionun uzunmüddətli inkişafı üçün əsas şərt olduğunu bildirdi. Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi mühüm əhəmiyyət daşıyır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31