Fon der Leyenin Bakı səfəri Azərbaycanın artan geosiyasi çəkisinin göstəricisidir- ÖZƏL
11:51 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıya səfəri ölkəmizin son illərdə qazandığı diplomatik və geosiyasi uğurların növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu görüş onu göstərir ki, Azərbaycan artıq regionun taleyinə təsir edən müstəqil, güclü və etibarlı aktor statusunu tam təsdiqləyib. Fon der Leyenin Bakıya gəlməsi təsadüfi deyil, çünki Avropa İttifaqı öz enerji təhlükəsizliyini və regional sabitliyi təmin etmək üçün məhz Azərbaycan kimi strateji müttəfiqə güvənir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Azərbaycan bu gün Cənubi Qafqazda sülhün və inkişafın lokomotivi rolunu oynayır. Qısa müddət ərzində ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququn aliliyini nümayiş etdirən, regionda yeni reallıq yaradan ölkəmiz indi də enerji və nəqliyyat sahəsində qitə miqyaslı layihələrə rəhbərlik edir. Cənub Qaz Dəhlizi Avropanın alternativ enerji mənbəyinə çevrilməklə yanaşı, Azərbaycanın etibarlılıq imicini də möhkəmləndir. Fon der Leyenin səfəri bu etibarın ən yüksək səviyyədə rəsmiləşməsidir və ikitərəfli münasibətləri daha dərin, daha strateji mərhələyə keçir. Artıq söhbət təkcə təbii qazdan getmir, Xəzərdən Avropaya yaşıl enerji, hidrogen və elektrik kabeli kimi gələcəyin layihələri Azərbaycanın adı ilə bağlanır. Bu isə ölkəmizin təkcə resurs satan deyil, yeni texnologiyaların və dayanıqlı inkişafın mərkəzinə çevrildiyini göstərir.
Eyni zamanda Bakının apardığı balanslı xarici siyasət nəticəsində Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirərkən milli maraqlarını qorumağı bacarır. Fon der Leyenin region məsələlərinə toxunması və Bakının mövqeyinə hörmətlə yanaşması Azərbaycanın diplomatik çəkisinin artdığının açıq sübutudur. Bu görüşdən sonra gözlənilən praktiki nəticələr də məhz ölkəmizin xeyrinədir. Enerji infrastrukturuna əlavə investisiyalar, Orta Dəhlizin sürətlənməsi, nəqliyyat-logistika imkanlarının genişlənməsi və Azərbaycanın Avropa bazarlarına inteqrasiyasının dərinləşməsi qarşıdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə münasibətlərdə də yeni, daha güclü mərhələyə qədəm qoyub".
Zeynəb Mustafazadə