Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir- ÖZƏL
11:40 Siyasət"Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri bir neçə aspektdən mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında müşahidə olunan siyasi fəallıq göstərir ki, qarşılıqlı münasibətlərdə keyfiyyətcə yeni mərhələ yaranır". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, bu zəmini Azərbaycanın beynəlxalq etimadı və qərarvermədə müstəqilliyin güclənməsi yaradıb.
"Yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun intensivləşdiyini və əməkdaşlığın dərinləşdiyini göstərir. Xanım Ursula Fon der Lyayenin Bakıya səfərinu münasibətlərdə dönüş nöqtəsi adlandırmaq olar.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artması qarşılıqlı münasibətlərin yeni məzmun qazandığını və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dərinləşdiyini göstərir"-deyə, o, bildirib.
Onun sözlərinə görə, ölkəmizin regional liderliyi və sülh təşəbbüsləri daim qlobal güclərin diqqət mərkəzindədir: "Xüsusən son 6 ildə Bakının irəli sürdüyü sülh təşəbbüsləri və regional əməkdaşlıq çağırışları regionda yeni siyasi reallıqlar formalaşdırıb. Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın aparıcı dayaqlarından biri kimi çıxış edir. Əlverişli coğrafi mövqenin yaratdığı imkanlardan səmərəli istifadə yalnız düşünülmüş inkişaf strategiyası ilə mümkündür. Azərbaycan bu potensialı güclü infrastruktur və ardıcıl dövlət siyasəti sayəsində gerçəyə çevirib. Dövlətlərin dayanıqlı inkişafı qısamüddətli nəticələrdən daha çox, strateji planlaşdırmanın keyfiyyətindən asılıdır. Azərbaycanda son illər həyata keçirilən islahatlar və reallaşdırılan layihələr ölkənin inkişafının uzunmüddətli hədəflər əsasında qurulduğunu və bu istiqamətdə ardıcıl siyasət yürüdüldüyünü göstərir". Siyasi şərhçi hesab edir ki, enerji təhlükəsizliyinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi şəraitdə Azərbaycan sabit təchizatçı kimi etimad qazanıb:
"Bu amil ölkənin Avropa ilə strateji tərəfdaşlığının mühüm dayaqlarından biri hesab olunur. Azərbaycan enerji əməkdaşlığında etibarlı mövqeyini möhkəmləndirib. Son illərdə həyata keçirilən enerji siyasəti göstərir ki, Azərbaycan tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirən ölkə kimi beynəlxalq güvəni daha da gücləndirib. Qanlı müharibələrin getdiyi zamanımızda, hazırki beynəlxalq münasibətlər sistemində müxtəlif güc mərkəzləri arasında balansın qorunması asan deyil. Milli maraqlarını qorumaqla həyata keçirdiyi praqmatik diplomatiya nəticəsində Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini uğurla şəkildə inkişaf etdirir. Avropa Birliyi, Türkiyə, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi ölkənin çoxtərəfli diplomatiyasının səmərəli olduğunu göstərir. Balanslı xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, ölkəmizin regional və qlobal proseslərdə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir"
İbrahim Məmmədli