Prezident İlham Əliyev və Ursula fon der Lyayen  vahid strategiyanı reallaşdırmaqdadırlar- ÖZƏL

"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri  iki tərəf arasında qarşılıqlı etimad və razılaşdırılan məsələlərin möhkəmləmdirilməsi üçün olduqca önəmli idi. Son zamanlar Avropanın bəzi təsisatlarının anti - Azərbaycan dalğasını gücləndirdiyi bir vaxtda praqmatik və Aİ maraqlarından çıxış edən Avrokomissiyanın prezidentinin Bakı səfəri  Aİ və Azərbaycan münasibətlərinin gələcəyi və aydınlaşdırılması baxımından önəmli idi.   Onun ölkəmizi Avropa İttifaqının Cənubi Qafqazdakı əsas tərəfdaşı kimi qiymətləndirməsi Azərbaycanın   geosiyasi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha nümayiş etdirir. Xüsusilə enerji sahəsində əməkdaşlığın genişlənməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və regional sabitliyin təmin olunması istiqamətində Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış tərəfdaşlıq münasibətləri strateji xarakter daşımaqdadır".  "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: 

"Səfər çərçivəsində verilən bəyanatlar sırasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin , Avropa İttifaqının "Qlobal Qapılar" (Global Gateway) sərmayə proqramı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafı üçün 200 milyon avroya qədər qrant vəsaiti ayırması ilə bağlı çıxışıdır. Onun sözlərinə görə, bu vəsait dövlət və özəl investisiyaların cəlb edilməsi hesabına ümumilikdə 2 milyard avroya qədər maliyyə resursunun formalaşmasına imkan yarada bilər. 

Proqram çərçivəsində həyata keçirilməsi mümkün olan layihələr sırasında Naxçıvan üzərindən keçən dəmir yolu bağlantısının yaradılması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu layihələr yalnız regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə deyil, həm də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına və Avropa ilə Asiya arasında yükdaşımaların genişlənməsinə xidmət edə bilər.
 
 Eyni zamanda, səfər çərçivəsində alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Xüsusilə Azərbaycanın yaşıl enerji potensialı, Xəzər dənizində külək enerjisi layihələri, eləcə də yaşıl elektrik enerjisinin Avropa bazarlarına ixracı istiqamətində həyata keçirilən təşəbbüslər diqqət mərkəzində olmuşdur. Tərəflər enerji əməkdaşlığının ənənəvi karbohidrogen sektorundan kənara çıxaraq bərpa olunan enerji mənbələri və yaşıl keçid istiqamətində də genişləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulamışlar.

Səfər çərçivəsində elektrik enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi və regional enerji infrastrukturunun inkişafı məsələləri də müzakirə olunmuşdur. Xüsusilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən Qara dəniz sualtı elektrik kabeli layihəsi çərçivəsində elektrik şəbəkələrinin inteqrasiyası və yaşıl enerjinin Avropa bazarlarına nəqli perspektivləri diqqət mərkəzində olmuşdur. Bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və regionun strateji əhəmiyyətinin daha da artmasına mühüm töhfə verəcəyi vurğulanmışdır. Beləliklə, bu səfər Aİ - Azərbaycan arasında artıq sistemləşdirilmiş davamlı münasibətlər sisteminin formalaşdığını  və bunun strateji əhəmiyyət daşıdığını göstərmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31