Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ- ÖZƏL
10:34 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında keçirilən görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik kimi məsələlərin ön plana çıxdığı bir dövrdə bu görüşün xüsusi əhəmiyyəti var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qaz tədarükünün artırılması, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Bu baxımdan görüşdə enerji əməkdaşlığının genişləndirilməsi və yaşıl enerji layihələrinin inkişafı ilə bağlı aparılan müzakirələr qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir.
Görüşün digər mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafı oldu. Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bakı limanı, dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat layihələri Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Avropa İttifaqının bu marşruta artan marağı Azərbaycanın geostrateji mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Regional təhlükəsizlik və sülh gündəliyi də görüşün əsas mövzularından biri idi. Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımlar, Ermənistanla münasibətlərin normallaşdırılması səyləri və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir. Sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan irəliləyiş regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bu görüş həm də onu göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz nəqliyyat, logistika, rəqəmsal inkişaf, yaşıl enerji və beynəlxalq əməkdaşlıq sahələrində mühüm tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu davamlı şəkildə artırır, ölkəmizin Avropa və Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir.
Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır. Qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında inkişaf edən bu münasibətlər gələcəkdə həm Azərbaycanın, həm də Avropanın iqtisadi və siyasi maraqlarına mühüm töhfələr verəcək. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin, rifahın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir"