Azad Məsiyev: “Ermənilər tarixən yalan üzərində özlərinə həqiqət yaratmağa çalışırlar” – ÖZƏL
16:52 Siyasət"Ermənilər tarixən yalan üzərində özlərinə həqiqət yaratmağa çalışırlar və bugünkü Ermənistan dövlətinin siyasətinin əsas xətti də bundan ibarətdir. Onlar müxtəlif musiqi alətlərini, mədəniyyət nümunələrini və digər milli-mənəvi dəyərləri mənimsəyərək, bu mövzuda müxtəlif əsərlər və kitablar yazmaqla erməni xalqının guya çox qədim tarixə malik olduğunu göstərməyə çalışırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan da bu siyasətin hədəflərindən biri olub. Azərbaycanın musiqisini, mədəniyyətini və digər milli irs nümunələrini özününküləşdirməyə cəhd edirlər. Bu cür yalan məlumatları dünya ictimaiyyətinə təqdim etməklə özlərini qədim xalq kimi nümayiş etdirmək istəyirlər. Bəzi hallarda isə arxeoloji qazıntılar adı altında guya qədim torpaqlara və qədim dövlətçilik ənənələrinə malik olduqlarını göstərməyə çalışırlar. Bununla da vaxtilə böyük bir dövlətlərinin mövcud olduğu təsəvvürünü formalaşdırmaq və "Böyük Ermənistan" ideyasını əsaslandırmaq istəyirlər. Məqsəd beynəlxalq ictimaiyyəti bu cür iddialarla aldatmaqdır. Bir nümunəni qeyd etmək yerinə düşər. Erməni alimləri vaxtilə belə bir iddia ortaya atmışdılar ki, guya Xristofor Kolumb Amerikanı kəşf edərkən onun gəmisində olan erməni mənşəli bir matros yerli əhali ilə erməni dilində danışaraq tərcüməçilik edib. Bu iddianın vermək istədiyi mesaj ondan ibarət idi ki, guya Amerikada yaşayan qədim tayfalar erməni mənşəli olublar. Bu cür uydurmalar və yalanlar yaymaqla beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa çalışırlar. Bəzi hallarda arxeoloji qazıntılar zamanı xarici mütəxəssisləri də bu prosesə cəlb edərək onları öz iddialarına şərik etməyə çalışırlar ki, sonradan həmin uydurma "həqiqətləri" beynəlxalq ictimaiyyətə təqdim etsinlər.
Ekspert qeyd edib ki, bu məsələnin siyasi tərəfi də var. Erməni kilsəsinin uzun illərdir irəli sürdüyü "Böyük Ermənistan" ideologiyası mövcuddur və bu ideologiyada sərhədlər faktiki olaraq qeyri-müəyyən, hətta sonsuz kimi təqdim olunur. Bu gün aparılan bəzi arxeoloji qazıntıları da həmin ideologiyaya bağlamağa çalışırlar. Məqsəd guya bu ərazilərdə yaşayan ermənilərin daha qədim tarixə, daha qədim dövlətçilik ənənələrinə malik xalq olduğunu, hətta eramızdan əvvəl dövlətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Bu cür yalanları beynəlxalq ictimaiyyətə təqdim etməklə öz uydurma tarixlərini həqiqət kimi qəbul etdirmək istəyirlər. Dünya elmi yalan məlumatların elmə daxil edilməsini qəbul etməməlidir. Elm həqiqətin tərəfdarıdır. Təəssüf ki, bu gün ermənilər elmin nailiyyətlərindən istifadə edərək yalanları cəmiyyətə çatdırmağa çalışırlar. Bu siyasət gələcəyə hesablanmış siyasətdir. Yalanları kitablara, elmi əsərlərə daxil etməklə gələcək nəsillərin də həmin saxta məlumatlara istinad edərək mövqe formalaşdırmasına zəmin yaratmaq istəyirlər.
"Hesab edirəm ki, tarixi araşdırmalarla məşğul olan beynəlxalq təşkilatlar bu cür saxtakarlıqlara qarşı ciddi mövqe nümayiş etdirməlidirlər. Həm region dövlətləri, həm də beynəlxalq təşkilatlar erməni saxtakarlıqlarını ifşa etməlidirlər. Xüsusilə də tarixçilərimiz bu məsələdə fəal mövqe ortaya qoymalıdırlar. Çünki ermənilər bu gün saxta tarixi həqiqət kimi təqdim etməyə çalışırlar. Düşünürəm ki, ilk növbədə elm adamları bu cür cəhdlərin qarşısını almalıdırlar ki, ermənilər tarixdən siyasi məqsədlər üçün istifadə edə bilməsinlər. Xatırlatmaq yerinə düşər ki, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı Türkiyə tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, arxivlər açılsın, tarixçilər və elm adamları araşdırmalar aparsınlar, həqiqət elmi əsaslarla ortaya qoyulsun. Yəni Türkiyənin mövqeyi hadisələrə real elmi araşdırmalar əsasında qiymət verilməsindən ibarətdir. Bu gün isə ermənilər tarixi saxtalaşdıraraq onu elmi müstəviyə çıxarmağa və yalanı elmi həqiqət kimi təqdim etməyə çalışırlar. Tarixçilər bu məsələlərə obyektiv və elmi əsaslarla qiymət verməlidirlər ki, tarixi saxtalaşdırmaq cəhdlərindən siyasi məqsədlər üçün istifadə olunmasının qarşısı alınsın", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova