Paşinyanı devirməyin “gizli planı”: Müxalifət nəyi gözləyir?- ÖZƏL

"Dünən Samvel Karapetyan müsahibəsində qeyd edib ki, müxalifətin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün gizli planı var. O bildirib ki, Konstitusiya Məhkəməsinin qərarlarını gözləyirlər və bütün prosesi qanun çərçivəsində həyata keçirmək istəyirlər. Bu, gözlənilən haldır ki, müxalifət Konstitusiya Məhkəməsinin qərarını gözləyir. Çünki Ermənistanda müxalifət nümayəndələrinin Paşinyan hakimiyyəti tərəfindən həbs olunması prosesi onsuz da davam edir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər Konstitusiya Məhkəməsinin qərarı olmadan hansısa addımlar atılarsa, Paşinyan buna əsaslanaraq müxalifət qüvvələrinin, o cümlədən bir çox müxalifət liderlərinin hakimiyyət çevrilişinə cəhd ittihamı ilə daha geniş şəkildə həbs olunmasına nail ola bilər. Ona görə də müxalifət ehtiyatı əldən vermir və bu prosesi diqqətlə davam etdirir.

Bu siyasi proseslərə necə təsir edir? 

Sözsüz ki, Ermənistanda siyasi proseslər gərgin olaraq qalacaq. Bilirsiniz ki, Paşinyan hökumət qurmaq üçün parlamentdə çoxluq qazanacaq, amma konstitusion çoxluğa malik olmayacaq. Bu isə o deməkdir ki, dövlət əhəmiyyətli, konstitusion xarakter daşıyan qərarları həyata keçirmək imkanları məhdud olacaq. Sözsüz ki, bu, idarəçilikdə müəyyən problemlər yaradacaq. Müxalifət parlament tribunasından daim Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. Bu da Ermənistan üçün mühüm dövlət əhəmiyyətli qərarların qəbulunda Paşinyana çətinlik yaradacaq. Məsələn, Paşinyan Avropa Birliyi istiqamətində siyasi kurs seçibsə, bunun üçün referendum keçirilməsi və müəyyən qərarların qəbul olunması tələb oluna bilər. Belə qərarlar üçün isə konstitusion çoxluq lazımdır. Təbii ki, Paşinyan belə prosesləri həyata keçirməkdə çətinlik çəkəcək. Mən sadəcə bir nümunə gətirdim.

"Hakimiyyət-müxalifət münasibətləri baxımından isə, sözsüz ki, Paşinyan hakimiyyətini möhkəmləndirməyə çalışacaq. Müxalifət isə hakimiyyətə gəlmək, Paşinyanı ya hakimiyyətdən uzaqlaşdırmaq, ya da onu zəiflədərək Ermənistanda hökumət böhranı yaratmaq və nəticədə hakimiyyətdən getməsinə nail olmaq istəyəcək. Mənim qənaətimə görə, proseslər bu istiqamətdə inkişaf edəcək", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31