Zəfərimiz Türk dünyasının birliyini daha da möhkəmləndirib- ÖZƏL
15:15 Siyasət"Birinci Türkoloji Qurultayın bu günümüz üçün əhəmiyyətini özündə ehtiva edən fikirləri xeyli sayda sadalaya bilərik. Reallıq budur ki, bütün dövrlər üçün diqqətdə olan Türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edən addımlar davamlı olub və bu gün də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Dövlətimizin başçısı İlham Əliyev Türk dünyasını böyük ailə kimi dəyərləndirərək hər zaman bu çağırışı edir ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Malik Həsənov bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Türk dünyasının birliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır: "Son beş ildən ardıq dövrdə bu birliyə hədəflənən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk dövlətləri arasında əlaqələrin dünəni, bu günü gələcəyi barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev "Türk Dünyası Həftəsi"nin müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcəyinə, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacağına və yaddaşlarda silinməz iz qoyacağına əminliyini ifadə etdi".